REGİONLAR
Tovuzda bir sinfin 17 məzununun hamısı tələbə adını qazanıb VİDEO
Tovuz, 29 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbin 11A sinfinin şagirdlərinin hamısı ali məktəbə qəbul olub. Onlardan ikisi Qarabağ Universitetinin tələbəsi adını qazanıb.
AZƏRTAC xəbər verir ki, Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbin bu il 11A sinfində təhsil alan 17 şagirdin hamısı Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında uğur əldə edərək, respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar.
Ali məktəb tələbələri adını qazanan məzunlar deyirlər ki, təhsil aldıqları müddətdə kollektiv şəkildə bir-birilərinə kömək etməklə bu uğura imza atıblar. İlahə Məhərrəmzadə də onlardan biridir. O, sinfin rekord göstəricisini əldə edib - 692,5 bal toplayaraq ADA Universitetinin Hüquq fakültəsinə daxil olub. “Biz qarşıya belə məqsəd qoymuşduq ki, hamımız ali təhsil müəssisələrinə daxil olmalıyıq və bunu birgə səylər sayəsində bacardıq. Bir yerdə hazırlaşdıq. Nəhayət, həmin məqsədə nail olduq”, - deyə ADA Universitetinin tələbəsi bildirir.
Bu il Qarabağ Universitetinin ilk tələbələri adını qazananlar arasında bu məktəbin də iki məzunu var. Onlar bu ali məktəbə daxil olmaqdan qürur duyduqlarını və bununla fəxr etdiklərini deyirlər. “Böyüdüyüm ailədə babam Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Yəni, uşaq vaxtımdan Qarabağda gedən döyüşlərin ağrı-acısını hiss etmişəm. İndi isə o torpaqlarımız azaddır. Ən böyük arzum idi ki, Qarabağı öz gözlərimlə görüm, orada oxuyum”, - deyən Qarabağ Universitetinin tələbəsi Xədicə Bayramova həmin arzusunun reallaşmasının sevincini bizimlə də bölüşür.
Sinfin məzunlarından 4 nəfəri 600 baldan, 3 nəfəri isə 500–dən yuxarı bal toplayıb. Sinif üzrə 3 şagird respublika fənn olimpiadasından medalla qayıdıb. Bu ilin məzunlarından 3 nəfər məktəbi qızıl medalla başa vurub, 1 nəfər isə təhsilini fərqlənmə attestatı ilə bitirib. Məktəbin direktoru Sadıq Rəhimovla da söhbət edirik. Deyir ki, bu nəticə məktəbin kollektivi üçün qürurvericidir: “Bu il məktəbimizin 2 məzunu Qarabağ Universitetinin ilk tələbəsi adını qazananlar sırasındadır. Bu da bizim məktəb üçün çox sevindiricidir. Ümumiyyətlə, bizim məktəbdə vətənpərvərlik mövzusu həmişə prioritet məsələlərdən olub”.
Uğur qazanan sinfin şagirdləri aşağı siniflərdə oxuyarkən də fərqləniblər. Buna görə də müəllim kollektivi sinfin şagirdlərinin hamısının ali məktəbə daxil olacağına inanırdılar. Belə də oldu... İndi onların qarşısında daha mühüm vəzifə durur: gələcək təhsillərini uğurla başa vurmaq, karyeralarını quraraq, Vətənimiz üçün dəyərli işlər görmək.