31 mart soyqırımı qurbanlarının xatirəsi Serbiyada da anılmışdır
Bakı, 31 mart (AZƏRTAC). 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı respublikamızın Serbiyadakı səfirliyində anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə diplomatlar, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, bu ölkədə yaşayan azərbaycanlılar, yerli ictimaiyyətin və müsəlman icmasının nümayəndələri iştirak etmişlər.
Mərasimdə ermənilər tərəfindən 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağda minlərlə soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirilməsindən, on minlərlə insanın evlərindən didərgin düşməsindən bəhs edilmişdir.
Çıxışlarda erməni millətçiləri tərəfindən tarix boyu xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasətinin bu gün də davam edildiyi vurğulanmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilərin törətdikləri vəhşiliklər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, 31 mart soyqırımı yalnız ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış məlumatlar Serbiyanın dövlət və hökumət orqanlarına, deputatlar, qeyri-hökumət təşkilatlarına, bu ölkədə akkreditə olunmuş diplomatik korpusa və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.