REGİONLAR
Vətən müharibəsi zamanı məşhurlaşan Hikmət baba “YAŞAT” Fonduna ianə edib VİDEO
Şəki, 28 oktyabr, AZƏRTAC
Şəkinin Baş Küngüt kəndinin sakini Hikmət babanı Vətən müharibəsində hamımız üçün örnək ola biləcək addımından sonra tanıdıq. Həmin vaxt Hikmət baba təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürməklə çoxlarının qəlbini fəth etmişdi. O, bu xeyirxah əməlini hər ay “YAŞAT” Fonduna ianə etməklə bu gün də davam etdirir.
AZƏRTAC xəbər verir ki, İctimai Televiziya və “YAŞAT” Fondunun birgə təşkil etdiyi növbəti xeyriyyə marafonu barədə xəbərləri eşidəndən sonra 73 yaşlı Hikmət Musayev Şəki “ASAN xidmət” mərkəzinə gələrək, əmək təqaüdündən 100 manat “YAŞAT” Fonduna köçürülməsini istəyib.
Mərkəzdə onu əməkdaşlar həmişəki kimi gülərüz qarşılayıb, prosedurları izah edib, ianənin düzgün təşkili üçün növbə götürüblər. Daha sonra Hikmət baba “YAŞAT” Fonduna ianə edib.
Hikmət Musayev Baş Küngüt kəndində Nizami Gəncəvinin abidəsində, “Şəhidlər bulağı” kompleksinin təmir və bərpasında da yaxından iştirak edib. Həmçinin ötən il fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra bir neçə dəfə iri məbləğdə pul vəsaitini həmin ölkənin müvafiq fondlarına köçürüb.
Bu xeyirxah insan 70 yaşını Şuşada qeyd edib, 75 illik yubileyini isə Xankəndidə qarşılamağı düşünür.