Mərkəz sədri: Bu il regionlardakı xəstəxanalarda beyin ölümü diaqnostikası təlimlərinin keçirilməsini hədəfləmişik VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
2024-cü ildə bütün reanimasiya şöbələrində süni tənəffüs aparatı olan xəstəxanalara məktub ünvanlanıb. Həmin məktubda daxil olan ağır xəstələr haqqında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə məlumat verilməsi əks olunub. Ötən ildən Bakıda süni tənəffüs aparatı ilə təchiz olunan reanimasiya şöbələrində beyin ölümü diaqnostikası ilə bağlı təlimlər keçirilməyə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirlikdə keçirilən brifinqdə deyib.
"2025-ci ildə hədəflərimiz regionlarda süni tənəffüs aparatı ilə təchiz edilmiş reanimasiya olan xəstəxanalarda beyin ölümü diaqnostikasının təlimlərinin keçirilməsidir. Eyni zamanda, təhsil ocaqlarında ölümündən sonra donor olmağı təşviq və təbliğ etmək istiqamətində seminarların aparılması nəzərdə tutulub”, - deyə Y.Abbasova qeyd edib.
O əlavə edib ki, Azərbaycanda indiyədək 1000-dən çox böyrək transplantasiyası əməliyyatı, 500-dən çox qaraciyər, 300-dən çox buynuz qişa, 200-dən çox sümük iliyi transplantasiyası əməliyyatları icra olunub.