MƏDƏNİYYƏT
Müasirləşən, modernləşən bölgələr AzərTAc-ın videotəqdimatında
Gəzdim Azərbaycanı: Bakı-Şəmkir VİDEO
Bakı, 1 oktyabr (AZƏRTAC). Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) “Gəzdim Azərbaycanı” layihəsinin çəkiliş qrupu bu dəfə Azərbaycanın qədim abidələri ilə tanınan dilbər guşələrindən biri olan Şəmkirdən bəhs edir.
Orta əsr salnaməçilərinin, yeni dövrün səyyah və alimlərinin öz əsərlərində dönə-dönə bəhs etdikləri Şəmkir şəhəri bu gün qədimliklə müasirliyin qovuşduğu bir məkandır. Alman memarlığının izləri ilə diqqət daha çox cəlb edən bu şəhər abadlığı, yeniliyi sayəsində ölkəmizdə ən sürətlə inkişaf edən yaşayış məskənlərindən birinə çevrilmişdir.
Bildirilir ki, Şəmkir Azərbaycanın erkən orta əsr şəhərlərindəndir. Qədim Şəmkir şəhərinin xarabalıqları Şəmkir çayının sol sahilində yerləşir. Şəhərin qala yerinin sahəsi bir vaxtlar 20 hektar olmuşdur. Qalanın yaxınlığındakı çay üzərindəki iki körpünün qalıqları indiyədək gəlib çatmışdır. Hazırda qədim qala ərazisində arxeoloji və bərpa işləri aparılır. Alimlərin bildirdiyinə görə, Şəmkir qalası V-VI əsrlərdə salınmışdır. Orta əsrlərdə şəhər əzəmətli tikililəri, mükəmməl su təchizatı və kanalizasiya sisteminə malik olmuşdur.
AZƏRTAC-ın təqdim etdiyi “Gəzdim Azərbaycanı: Bakı-Şəmkir” videoreportajında şəhərin tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və təbiəti barədə daha ətraflı məlumat verilir. Süjetdə, həmçinin Şəmkirin sənaye müəssisələri, yeni tikililəri, müasir park və meydanları, səhiyyə, təhsil, idman, mədəniyyət ocaqları barədə də söhbət açılır.
Bildirilir ki, hər sahədə inkişaf edən bugünkü Şəmkir Azərbaycanda Avropanın bir parçasını özündə yaşadır. Qədimlik, yaraşıqlı küçələr, yenilənən infrastruktur Şəmkiri qonaqlar üçün maraqlı məkana çevirir.
“Gəzdim Azərbaycanı: Bakı-Şəmkir” videoreportajında tamaşaçılara Azərbaycanın bu qədim şəhərinin gözəlliyi, müasirliyi və bugünkü inkişafı təqdim edilir.