Tuva Cihangir Atasever: Türkiyə və Azərbaycan kosmik əməkdaşlıqda iddialı layihələrə doğru irəliləyirlər VİDEO
Bakı, 17 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycanda olmaq mənim üçün hər zaman böyük sevincdir. Bu torpaq mənim ikinci vətənimdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever jurnalistlərə açıqlamasında deyib.
Tuva Cihangir Atasever Türkiyə və Azərbaycan arasında son illərdə bütün sahələrdə, xüsusilə kosmik sənaye və elmi araşdırmalar sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Astronavt xatırladıb ki, cari ilin aprel ayında keçirilmiş “Space Technologies Conference 2025” (STC 2025) zamanı “TÜBİTAK UZAY” ilə Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) arasında əməkdaşlıq memorandumu imzalanıb.
“Fəaliyyətlərimizin “bir millət, iki dövlət” prinsipi ilə kosmos sahəsində də davam etdirilməsi bizim üçün önəmlidir. “TÜBİTAK UZAY” və “Azərkosmos” arasında imzalanan anlaşma bu istiqamətdə atılan mühüm addımlardan biridir. Lakin hədəflərimiz daha böyükdür. Hər iki ölkə üçün konkret layihələr həyata keçirmək böyük faydalar gətirəcək,” – deyə Atasever bildirib.
Astronavt vurğulayıb ki, Türkiyə və Azərbaycan kosmik əməkdaşlıqda iddialı layihələrə doğru irəliləyirlər. Yaxın illərdə kosmik məkan və mikroçəki şəraitində aparılacaq elmi tədqiqatlar nəticəsində əldə ediləcək texnologiyalar böyük iqtisadi dəyər yaradacaq: “Bu texnologiyalar 100 milyardlarla dollar dəyərində gəlir gətirə bilər. Azərbaycan və Türkiyənin bu potensialdan maksimum faydalanması çox əhəmiyyətlidir”.
Tuva Cihangir Atasever, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində də kosmik əməkdaşlıq layihələrinin həyata keçirildiyini qeyd edib və bu sahədə regional sinerjinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.