Horovluda Novruz tonqalı qalanıb VİDEO
Cəbrayıl, 18 mart, AZƏRTAC
Cəbrayıl rayonunun yenidən qurulmuş Horovlu kəndində Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində Horovlu kənd bazarının açılışı olub. Kənd təsərrüfatı məhsullarının və əl işlərinin yarmarkasında müxtəlif bölgələrdən fermerlərə və investorlara satış imkanı yaradılıb.
Cəbrayıl şəhəri, Cocuq Mərcanlı və Horovlu kəndlərinin sakinləri üçün təşkil edilmiş festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin musiqiçilər, xanəndələr, aşıqlar, xor kollektivi, rəqqaslar və incəsənət xadimlərinin ifasında əyləncəli konsert proqramı təşkil olunub. Uşaqlar üçün xüsusi zonada kukla teatr tamaşası göstərilib, interaktiv fləş-moblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.
İştirakçılar Novruz bayramının əsas simvolu kimi hazırladıqları kreativ səmənilərlə müsabiqəyə qatılaraq birincilik uğrunda mübarizə aparıblar. İctimai xadimlərdən ibarət münsiflər heyəti kreativlik, estetiklik və digər kateqoriya üzrə qalibləri müəyyən ediblər. Müxtəlif nominasiyalarda qalib gələn iştirakçılara sponsorlardan hədiyyələr təqdim olunub. Ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klas təşkil edilib. Horovlu kənd parkında keçirilən festivalda qonaqlar sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitkisi sayılan çirişotu kətəsinin dadına baxıblar.
Kəndirbazlar, pəhləvanlar, yumurta boyayanlar və digərlərinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan “Yallı” rəqsi ilə başa çatıb.
Müxbir - Aydın Yavərzadə