Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO
İstanbul, 12 iyun, AZƏRTAC
Türkiyənin aviasiya tarixində ilk dəfə olaraq ölkənin yerli və milli imkanları ilə hazırlanan iki “HÜRJET” reaktiv təlim təyyarəsinin Türk Ulduzları akrobatika komandası ilə səmada birgə qrup uçuşu həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin rəsmi sosial media hesabında paylaşım edilib.
Türkiyə müdafiə sənayesinin çatdığı səviyyəni simvolizə edən bu uçuşun tarixi hadisə kimi dəyərləndirildiyi məlumat “On təyyarə, tək ürək” şüarı ilə paylaşılıb.
İdarədən bununla bağlı verilən açıqlamada deyilir: “Yerli və milli imkanlarla hazırlanan “HÜRJET”in Türk Ulduzlarımızla eyni səmada uçması mühəndisliyimizin və aviasiya sahəsində çatdığımız səviyyənin göylərdəki imzasıdır. Türk Ulduzlarımızı, “HÜRJET” komandamızı, TUSAŞ ailəmizi və bu tarixi uğurda əməyi olan bütün əməkdaşlarımızı təbrik edirik”.
Qeyd edək ki, paylaşım dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə bəstələnən musiqi ilə təqdim edilib.