Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO
Paris, 15 iyun, AZƏRTAC
Bakı Ermənistanla yaxınlaşma prosesində əsas təşəbbüskar və hərəkətverici qüvvələrdən biridir. Bununla belə, sülh prosesinin uğur qazanması üçün Ermənistan tərəfinin də konstruktiv tərəfdaş kimi iştirak etməsi vacib hesab edilir. Bəzi siyasi dairələr və maraq qrupları hələ də qarşıdurma siyasətini müdafiə etsələr də, ümumi gözlənti ondan ibarətdir ki, mövcud dinamika yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Bu prosesə dəstəyin davam etdirilməsi regionda uzunmüddətli sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.
Bu fikirləri fransız senator Natali Qule AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycan prezidenti İlham Əliyevin sülh prosesinə böyük əhəmiyyət verdiyini vurğulayan senator bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişinin həyata keçirilməsi və Azərbaycanla münasibətlərin normallaşdırılması siyasətini davam etdirməsi regionda sabitlik üçün mühüm amil kimi qiymətləndirilir.
Onun fikrincə, Paşinyanın yenidən hakimiyyətə gəlməsi və partiyasının parlamentdə geniş çoxluq qazanması Azərbaycanla başlanan dialoq və normallaşma prosesinin davamlılığını gücləndirə bilər.
N.Qule qeyd edib ki, son illərdə bu siyasətin ilk nəticələri artıq görünməkdədir. Sərhəd əməkdaşlığının inkişafı, nəqliyyat və hava əlaqələrinin genişlənməsi, iqtisadi investisiyaların artması, ticarət mübadiləsinin güclənməsi və iki ölkənin vətəndaş cəmiyyətləri arasında təmasların intensivləşməsi regionda yeni mühit formalaşdırır.
Senator təəssüflə bildirib ki, bununla yanaşı, bəzi dairələrdə hələ də sülh prosesinə qarşı çıxan qruplar mövcuddur. Lakin o, ümumi tendensiyanın sülh sazişinin yekunlaşmasına doğru getdiyi və bu istiqamətdə irəliləyişin yaxın zamanda nəticə verə biləcəyini vurğulayıb. Senator qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşması Cənubi Qafqazın sabitliyi və iqtisadi inkişafı üçün son dərəcə müsbət tendensiyadır.