Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO
Şuşa, 15 iyun, AZƏRTAC
İki ölkə arasında ənənəvi dostluq münasibətləri getdikcə dərinləşir, siyasi töhfələr davamlı şəkildə gücləndirilir. Həmçinin qarşılıqlı faydalı əməkdaşlıq yüksək nəticələr verir. Bu əməkdaşlıq iki xalq üçün nəsildən-nəslə uzanan ortaq dəyərlər formalaşdırır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” adlı panel sessiyada səsləndirib.
O vurğulayıb ki, Çin və Azərbaycan yüksək keyfiyyətli sənaye əməkdaşlığı çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünü birgə irəlilədərək qlobal inkişaf təşəbbüslərinin həyata keçirilməsinə töhfə verir. Həmçinin regional əməkdaşlığı fəal şəkildə təşviq edir. Bu əməkdaşlıq Azərbaycanın tranzit və logistika imkanlarını genişləndirir, Çin–Avropa dəhlizi üzrə yükdaşımaların həcmi ildən-ilə artır. Son beş il ərzində Çin mənşəli malların dövriyyəsi əhəmiyyətli dərəcədə yüksəlib və regionun əsas ticarət mənbələrindən birinə çevrilib.
"Çin və Azərbaycan arasında ticarət əlaqələri və iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir. Çin şirkətləri Azərbaycanda günəş və külək enerjisi, avtomobil istehsalı, telekommunikasiya və radio-texniki avadanlıqların istehsalı kimi sahələrdə bir sıra iri layihələr həyata keçirir. Bu layihələr iki ölkə arasında ümumi əməkdaşlıq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldir və daha sıx regional iqtisadi tərəfdaşlığın formalaşmasına töhfə verir", - deyə səfir vurğulayıb.