Sertifikatlı toxumlardan istifadə genişləndirilir VİDEO
İsmayıllı, 24 iyun, AZƏRTAC
İsmayıllı rayonunda fəaliyyətə başlayan İvanovka Aqroparkında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda sahə günü keçirilib. Dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə media nümayəndələri, fermerlər, yerli seleksiyaçılar, toxum istehsalçıları və aqrar sahə üzrə mütəxəssislər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi ölkədə toxumçuluğun inkişafının təşviq edilməsi, sertifikatlı toxumlardan istifadənin genişləndirilməsi, yerli sortların fermerlər arasında tanıdılması, müasir aqrotexniki tədbirlərin tətbiqinin təşviqi və aqrar sahədə dövlət–özəl sektor əməkdaşlığının əhəmiyyətinin diqqətə çatdırılması olub.
Bildirilib ki, sahə günü Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər çərçivəsində təşkil olunub. Dövlət Proqramında toxumçuluğun və tingçiliyin inkişafı, bu sahədə hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi, fermerlərin keyfiyyətli əkin materialları ilə təmin olunması əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Sahə günü çərçivəsində iştirakçılar İvanovka Aqroparkında yaradılmış toxumluq əkin sahələrinə baxış keçiriblər. Burada becərilən müxtəlif yerli və perspektivli sortların xüsusiyyətləri, məhsuldarlıq göstəriciləri, torpaq-iqlim şəraitinə uyğunluğu və xəstəliklərə davamlılığı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, aqroparkda tətbiq olunan müasir yanaşmalar, xüsusilə növbəli əkin sisteminin qurulması və izolyasiya qaydalarına ciddi əməl olunması yüksək reproduksiyalı və keyfiyyətli toxum istehsalına əlverişli şərait yaradır.
Mütəxəssislər vurğulayıblar ki, sertifikatlaşdırılmış toxumlardan istifadə kənd təsərrüfatında məhsuldarlığın artırılması ilə yanaşı, məhsul itkilərinin azaldılmasına, xəstəlik və zərərvericilərə qarşı davamlılığın yüksəldilməsinə, həmçinin fermerlərin iqtisadi səmərəliliyinin artırılmasına mühüm töhfə verir. Yerli torpaq və iqlim şəraitinə uyğunlaşdırılmış sortların yaradılması isə ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və idxaldan asılılığın azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən mütəxəssislər Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən aprobasiya, laborator analiz və sertifikatlaşdırma prosesləri barədə də məlumat veriblər. Bildirilib ki, bu mexanizmlər toxumların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsinə, standartlara uyğunluğunun təsdiqlənməsinə və fermerlərin etibarlı əkin materialları ilə təmin olunmasına xidmət edir.
Qeyd olunub ki, son illər ölkədə toxumçuluq sahəsinin inkişafı istiqamətində görülən işlər öz nəticələrini verməkdədir. Belə ki, 2025-ci il ərzində Aqrar Xidmətlər Agentliyi tərəfindən 80 min tondan artıq toxum və 7 milyona yaxın ting sertifikatlaşdırılıb. Bu göstəricilər fermerlərin keyfiyyətli toxum və tinglərə çıxış imkanlarının genişləndiyini, eyni zamanda kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəli nəticələr verdiyini göstərir.
Müxbir – Rəşad Türkoğlu