Keçmiş məcburi köçkün: Dövlətimizə minnətdaram ki, bizə bu sevinci yaşatdı VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
1992-ci ildə erməni işğalı nəticəsində Şuşanı tərk etməyə məcbur olduq. Həmin vaxt uşaqlarım çox balaca idi. Dörd övladım var idi, kiçik oğlumun isə cəmi bir yaşı vardı. Bu günə çatdığımız üçün Allaha şükür edirəm. Dövlətimizə minnətdaram ki, bizə bu sevinci yaşatdı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün Səyarə Xanəliyeva deyib.
“Uzun illər yaşadığımız məcburi köçkünlük həyatı artıq geridə qalır. Bu söz bizim üçün çox ağır idi. Bu gün isə böyük sevinc hissi keçiririk. Şuşadan çıxanda ortancıl oğlumun beş yaşı vardı, indi isə o, öz ailəsi və dörd övladı ilə birlikdə Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdır. Sevincimizin həddi-hüdudu yoxdur”, - deyə məcburi köçkün söyləyib.
O qeyd edib ki, bu günü bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyir. “Qazilərimizə cansağlığı arzulayıram. Prezidentimiz sağ olsun. İnşallah, nəvələrim də doğma torpaqlarımızda böyüyəcək, təhsil alacaq, dövlətimizə və xalqımıza layiqli vətəndaş kimi xidmət edəcəklər”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.