Hacı Salman Musayev: Aşura günü keçirilən qanvermə aksiyası ölkəmizdə humanitar ənənəyə çevrilib VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Aşura günü təşkil olunan könüllü qanvermə aksiyası Azərbaycanda humanitar ənənəyə çevrilib və hər il minlərlə insan bu xeyriyyə təşəbbüsünə qoşulur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Salman Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi hər il Səhiyyə Nazirliyi və Respublika Qan Bankı ilə birgə Aşura günü münasibətilə qanvermə aksiyası təşkil edir.
"Hazırkı vaxta qədər təkcə Təzəpir məscidində keçirilən aksiyada 550-dən çox vətəndaş iştirak edib. Aksiya günün sonunadək davam edəcək və toplanan bütün qan ehtiyacı olan xəstələrin müalicəsi üçün Respublika Qan Bankına təhvil veriləcək" .
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri və Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərləri aksiyada birlikdə iştirak ediblər.
"Azərbaycanda keçirilən Aşura günü qanvermə aksiyası artıq bir çox ölkələr üçün nümunəyə çevrilib. Ölkəmizdə həyata keçirilən humanitar təşəbbüslər beynəlxalq səviyyədə nümunə olduğu kimi, dini qurumlarımızın təşkil etdiyi bu cür xeyriyyə aksiyaları da maraqla izlənilir və örnək kimi qiymətləndirilir. Bu təşəbbüs Həzrət İmam Hüseynin humanizm, mərhəmət və insanlara xidmət fəlsəfəsinin yaşadılmasına xidmət edir", – deyə QMİ sədrinin müavini əlavə edib.