Qırğızıstan naziri: Bakıdan verilən mesaj Türk dünyasının birliyini nümayiş etdirir VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 ildən sonra yenidən Bakıda keçirilməsi Türk dünyasının ortaq tarixə, dilə və mədəni irsə sadiqliyini, eyni zamanda, gələcəyə yönəlmiş birliyini nümayiş etdirən mühüm mesajdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetəliyev deyib.
Qırğızıstan Prezidenti Sadır Japarovun tədbir iştirakçılarına müraciətini oxumağın onun üçün böyük şərəf olduğunu bildirən nazir əlavə edib: “Qırğız xalqı adından Prezidentin təbrikini və müraciətini səsləndirmək mənim üçün böyük şərəfdir. Birinci Türkoloji Qurultayın 100 ildən sonra yenidən Bakıda keçirilməsi çox böyük məna daşıyır. Bu gün Bakıdan verilən əsas mesaj türk dövlətlərinin birliyinin, ortaq dəyərlərinin və gələcəyə birlikdə addımlamaq iradəsinin nümayişidir”.
Mirbek Mambetəliyev qeyd edib ki, bu cür beynəlxalq platformalar türk xalqları arasında elmi, mədəni və humanitar əməkdaşlığın daha da güclənməsinə, ortaq irsin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.
“Azərbaycan Mədəniyyət Nazirliyi ilə hazırda Azərbaycan və Qırğızıstan xalqlarının ortaq tarixi, birliyi və birgə yaşayışı barədə filmlərin çəkilişinə dair danışıqlar aparırıq. Ümid edirəm ki, Qırğızıstan və Azərbaycan xalqları bu cür birgə layihələrin şahidi olacaq”, - deyə nazir əlavə edib.