EPF prezidenti: Bakıda keçirilən bilyard üzrə Avropa çempionatı iştirak etdiyimiz ən yaxşı turnirlərdən biridir VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Bakıdakı yarış son illərdə iştirak etdiyimiz ən yüksəksəviyyəli turnirlərdən biridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Avropa Piramida Federasiyasının (EPF) birinci vitse-prezidenti və Ukrayna Bilyard Federasiyasının vitse-prezidenti Andrey Zaostrovtsev Bakıda keçirilən sərbəst piramida üzrə Avropa çempionatı barədə danışarkən deyib.
O, yarışın təşkilatçılığından məmnun qaldığını bildirib: "Burada olmaqdan böyük məmnunluq duyuruq. Ukrayna komandasının idmançıları, məşqçiləri və federasiya rəhbərliyi adından deyə bilərəm ki, Bakıda bizi çox yaxşı qarşıladılar. Yarışın keçirildiyi arena da bizdə xoş təəssürat yaradıb. Son beş ildə Avropanın müxtəlif ölkələrində keçirilən yarışlarda iştirak etmişik. Deyə bilərəm ki, Bakıdakı təşkilatçılıq onların arasında ən yüksək səviyyədə olanlardan biridir. Ümid edirəm ki, bütün iştirakçılar üçün uğurlu və maraqlı çempionat olacaq".
Qeyd edək ki, sərbəst piramida üzrə Avropa çempionatına iyulun 12-də yekun vurulacaq.