Məişətdə baş verən zəhərlənmələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən insanların həyat və sağlamlığının qorunması, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida zəhərlənmələri hadisələrinin minimuma endirilməsi istiqamətində kompleks tənzimləmə və nəzarət tədbirləri həyata keçirilməkdədir. Aparılan təhlillər və statistik rəqəmlər göstərir ki, 2024-2025-ci illər və cari ilin ilk 8 ayı ərzində ölkə üzrə təsdiq olunmuş 241 qida zəhərlənməsi hadisəsinin 137-si məişət zəminində baş verib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu da ümumi hadisələrin 57 faizini təşkil edir. Eyni zamanda, həmin hadisələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub. İzlənilə bilinməyən həmin məhsullardan baş verən qida zəhərlənmələrinin qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi, o cümlədən bu məhsulların bazara yerləşdirilməsi ilə bağlı tənzimlənmələrə ehtiyac var.
Azərbaycan Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Proqramda tədbirin icra müddəti 2028–2032-ci illəri əhatə edir.
Bu çərçivədə həmin məhsulların bazara yerləşdirilməsi ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır. Məqsəd ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışı təmin etməklə biznesə dəstək üçün şərait yaratmaq, ən əsası isə istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorunması ilə insan həyat və sağlamlığına töhfə verməkdir.
Sonda bildiririk ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi, cərimələrin tətbiqi kimi yanlış məlumatların yayılması cəmiyyətin həssas təbəqəsini çaşdırmağa hesablanmış cəfəng məlumatlardır.