Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
“Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat” mövzusunda keçirilən konfransın əhəmiyyəti toxumçuluğun inkişaf etdirilməsi, yerli toxumların və etibarlı inkişafın mənbəyini, özəyini formalaşdırmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, bunun əsas əhəmiyyəti yerli toxumçuluğun inkişaf etdirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsinə nail olmaqdır: “İstənilən məhsulun yetişdirilməsində və məhsuldarlığın artırılmasında toxumlar əsas rollardan birinə malikdir. Yeni dövlət proqramında əsas məqsəd məhsuldarlığın transformasiyasına nail olmaqdır. Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçməkdir və bununla əlbəttə ki, biz bünövrəsini toxumçuluqdan qoymalıyıq. O nöqteyi-nəzərdən bugünkü konfransın və bu gün müzakirə olunacaq məsələlərin Azərbaycanda toxumçuluğun inkişafına, həm taxıl toxumçuluğunun və eləcə də digər məhsulların, əsasən də tərəvəz toxumçuluğunun inkişafına müsbət təsir göstərəcəyinə inanırıq”.