Tbilisi Ümumdünya Enerji Tənzimlənməsi Forumuna ev sahibliyi edib VİDEO
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Tbilisidə Beynəlxalq Enerji Tənzimləyiciləri Konfederasiyasının (ICER) himayəsi ilə 9-cu Ümumdünya Enerji Tənzimlənməsi Forumu (WFER) keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk dəfə Gürcüstanda təşkil olunan mötəbər tədbirdə Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov iştirak edib.
Forumda enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələrinin inkişafı, investisiyaların cəlb edilməsi, rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi daxil olmaqla, enerji sektorunun transformasiyası və tənzimlənməsi məsələləri geniş müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti ölkəmizdə enerji təhlükəsizliyi sahəsində həyata keçirilən dövlət siyasəti barədə forum iştirakçılarına ətraflı məlumat verib.
Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının sədri David Narmaniya AZƏRTAC-a müsahibəsində tədbirin region üçün böyük əhəmiyyət daşıdığını bildirib: “Forum çərçivəsində müasir texnologiyaların tətbiqi, enerji bazarlarının tələbləri və idarəetmə problemlərinin həlli üzrə faydalı təcrübə mübadiləsi aparıldı”.
D.Narmaniya əlavə edib ki, forum çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanın enerji tənzimləyici qurumlarının rəhbərləri arasında üçtərəfli görüş təşkil olunub.
Görüşdə Cənubi Qafqazın yaşıl enerji mərkəzinə çevrilməsi və Gürcüstan vasitəsilə Avropaya uzanacaq Qara dəniz sualtı elektrik kabeli layihəsi diqqət mərkəzində olub.
Qeyd edək ki, 2000-ci ildən bəri hər üç ildən bir keçirilən WFER bundan əvvəl ABŞ, İtaliya, Yunanıstan, Kanada, Türkiyə, Meksika və Peruda təşkil olunub.