Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda qlobal iqtisadiyyatın gələcəyi müzakirə olunur VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Etibarlılığın bərpası parçalanmış dünyada: Azərbaycan regionlar arasında strateji qapı kimi” mövzusunda panel sessiya işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru “Euronews”un idarəedici redaktoru Ceyn Uizerspunun sualını cavablandıran iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini ilə “Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas Davidin iştirakı ilə “Qlobal iqtisadi proqnoz” mövzusunda fireside söhbəti keçirilib.
Nouriel Roubini bildirib ki, qlobal iqtisadiyyatı formalaşdıran əsas amillər sırasında bazar intizamı, geosiyasi gərginliklər və süni intellektin inkişafı xüsusi yer tutur: “Ötən ilin aprelində ABŞ-də orta tarif dərəcələrinin 20 faizdən 30 faizə yüksəlməsi qlobal iqtisadiyyat üçün ciddi risklər yaradıb. “Tariflərin yüksək səviyyədə qalması resessiya və inflyasiya risklərini artıra bilərdi. Lakin sonrakı proseslər nəticəsində tariflər aşağı salınıb və bazarlarda sabitləşmə müşahidə olunub”.
İqtisadçı geosiyasi gərginliklərin də bazarlara ciddi təsir göstərdiyini qeyd edib: “Neft qiymətlərinin yüksəlməsi istiqraz bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İkinci əsas amil kimi süni intellekt və texnoloji transformasiyanı göstərib. Bu proses yalnız ABŞ və Çin arasındakı rəqabətlə məhdudlaşmır, qlobal təchizat zəncirlərinə və bütün dünya iqtisadiyyatına təsir edir”.
“Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas David bildirib ki, qlobal proseslər təkcə ayrı-ayrı ölkələrə deyil, müxtəlif regionların bazarlarına da birbaşa təsir göstərir: “Hazırkı şəraitdə biznes üçün əsas məsələ bu proseslərin mümkün iqtisadi nəticələrini və bazarlara təsirini düzgün qiymətləndirməkdir. Xüsusilə Körfəz ölkələri, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa İttifaqında baş verə biləcək dəyişikliklər nəzərə alınmalıdır”.
Pedro Varqas David qeyd edib ki, beynəlxalq səviyyədə qəbul edilən qərarların müxtəlif ölkə və regionlar üçün yarada biləcəyi iqtisadi nəticələri də diqqətlə qiymətləndirmək vacibdir.
Müzakirələrdə dəyişən qlobal iqtisadi mənzərə, qlobal artım və investisiya dinamikasını formalaşdıran əsas makroiqtisadi və geosiyasi tendensiyalar diqqət mərkəzində olub.