Tacikistanlı nazir: Bizim üçün nəqliyyat və ticarət əlaqələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
Dənizə çıxışı olmayan ölkə kimi Tacikistan üçün nəqliyyat və ticarət əlaqələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan regional nəqliyyat dəhlizlərinin daha da genişləndirilməsi, ticarət prosedurlarının sadələşdirilməsi, Mərkəzi Asiya, Çin, Cənubi Asiya, MDB ölkələri və digər regionların bazarları ilə əlaqələrin gücləndirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzadə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusundakı panel müzakirəsində deyib.
Nazir vurğulayıb ki, qlobal qeyri-müəyyənlik şəraitində iqtisadi dayanıqlılığa yalnız bir istiqamətə və ya bir tərəfdaşa əsaslanmaqla nail olmaq mümkün deyil.
“Tacikistan üçün beynəlxalq əməkdaşlıq yalnız mövcud çağırışların aradan qaldırılması vasitəsi deyil, həm də iqtisadi inkişafın uzunmüddətli təməlidir. Biz yeni tərəfdaşlıqlara və birgə investisiya layihələrinə, həmçinin ticarət, nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat və sənaye əməkdaşlığı sahələrində əlaqələrin genişləndirilməsinə açığıq”, - deyə o qeyd edib.
Nazir bildirib ki, Tacikistanın məqsədi qlobal iqtisadiyyatda baş verən dəyişikliklərə yalnız uyğunlaşmaq deyil, bu dəyişikliklərdən ölkənin iqtisadi transformasiyasını sürətləndirmək, iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq, dayanıqlı artımı və əhali üçün daha geniş imkanları təmin etmək üçün istifadə etməkdir.