Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransındakı çıxışında deyib.
O bildirib ki, bugünkü konfrans ikitərəfli münasibətlərimizdə mühüm bir mərhələnin ardınca baş tutur. Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri yüksəksəviyyəli görüşlər və səmərəli müzakirələrlə yadda qaldı. Səfər çərçivəsində, həmçinin ikitərəfli tərəfdaşlıq üzrə strateji gündəliyə dair Birgə Bəyannamə imzalandı və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılıq əldə olundu.
"Almaniyalı tərəfdaşlarımızla birlikdə biz indi bu siyasi dinamikanı real layihələrə çevirmək və onların uğurlu icrası üçün tələb olunan maliyyələşməni təmin etmək istiqamətində çalışırıq. Bu səyləri irəlilətmək üçün bu il noyabrın əvvəlində Almaniyaya səfər etməyi, hazırda müzakirə olunan konkret təşəbbüsləri irəli aparmağı və Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşünü keçirməyi planlaşdırırıq. Biz Almaniyanı Azərbaycanın prioritet sektorlarının inkişafında əsas sənaye tərəfdaşı kimi görürük və alman şirkətləri ilə konkret əməkdaşlıq imkanları üzrə açıq, praktiki müzakirələri alqışlayırıq", - deyə Səməd Bəşirli qeyd edib.