Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
Stokholm, 16 oktyabr, АZƏRTAC
Stokholmun Hallunda kitabxanasında uzun illərdir İsveçdə yaşayan azərbaycanlı yazıçı və filosof Eluca Atalı ilə görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ana dilində baş tutan açıq söhbət zamanı iştirakçılar sosial və siyasi məsələlərin təhlilində ədəbiyyatdan bir vasitə kimi istifadə edən Eluca Atalının yaradıcılığı ilə yaxından tanış olublar.
Real hadisələrə və şəxsi araşdırmalara əsaslanan əsərlərin müəllifi olan E.Atalının görüşünə müxtəlif türkdilli xalqların — azərbaycanlılar, türklər, noqaylar, tatarlar, türkmənlər, uyğurlar, qazaxlar və özbəklərin nümayəndələri qatılıblar. Qonaqlara yazıçının həyat təcrübəsi və yaradıcılıq yolu, o cümlədən tarixi-siyasi nəsri, təbiət haqqında fəlsəfi düşüncələri və dramaturgiyası barədə ətraflı məlumat verilib.
Tədbirdə Eluca Atalının əsərlərində öz əksini tapmış Azərbaycan tarixinin mühüm səhifələrinə — xüsusilə Qarabağ həqiqətlərinə, soyqırımı hadisələrinə və ölkəmizin iki yerə bölünməsi mövzusuna xüsusi diqqət ayrılıb. Bu məsələlər yazıçının kitablarından gətirilən konkret nümunələr əsasında şərh edilib.
Tədbir çərçivəsində iştirakçılar müəlliflə həmsöhbət olaraq onları maraqlandıran suallara cavab tapıb, yazıçının müxtəlif dillərdə nəşr olunan kitablarından ibarət sərgiyə baxıb və müəllif imzalı kitablar əldə ediblər.
Qeyd edək ki, bu tədbir beynəlxalq səviyyədə tanınan və İsveçi ikinci vətənləri seçmiş yazıçıların geniş ictimaiyyətə tanıdılması məqsədilə keçirilən silsilə görüşlərdən biridir.