Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Vətənpərvərlik insanın doğma torpağına, xalqına və dövlətinə bağlılığını ifadə edən mühüm milli-mənəvi dəyərdir. Məktəbin əsas məqsədlərindən biri də şagirdlərə yalnız bilik və bacarıqlar aşılamaq deyil, eyni zamanda, Vətənini sevən, milli dəyərlərinə hörmətlə yanaşan vətəndaşlar yetişdirməkdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Naidə İbrahimova bildirib. O qeyd edib ki, məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində müxtəlif tədbirlər və maarifləndirici fəaliyyətlər həyata keçirilir. Bu baxımdan yaradılan xüsusi guşə də mühüm əhəmiyyət daşıyır. Əlamətdar günlərdə şagirdlərin həmin guşəni ziyarət etməsi, şəhidlərin xatirəsinin ehtiramla yad olunması onların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə xidmət edir.
Müəllim bildirib ki, məktəbdə Şəhidlər xiyabanına ziyarətlər təşkil olunur, şəhidlərin anım günləri qeyd edilir, onların həyat və qəhrəmanlıq yolu şagirdlərə nümunə göstərilir. Bu fəaliyyətlər vasitəsilə uşaqlarda Vətənə sevgi, şəhidlərə ehtiram və milli yaddaşa hörmət hissləri formalaşdırılır.