4SİM Dünya İqtisadi Forumunda təmsil olunacaq
Bakı, 19 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SİM) yanvarın 19-dan 23-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun (DİF) 56-cı İllik Toplantısında təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov Davosda Estoniya hökuməti tərəfindən təşkil olunan “Govtech-in geniş miqyasda tətbiqi: keçmişi sadəcə rəqəmsallaşdırmaq deyil, süni intellekt dövrünü idarə etmək” və “Proseperity Path” şirkəti tərəfindən təşkil olunan “Enerji sistemlərinin transformasiyası: süni intellekt, data mərkəzləri və enerji saxlanma həlləri” adlı sessiyalarda spiker qismində çıxış edəcək.
Builki toplantı “Dialoq ruhu” (A Spirit of Dialogue) mövzusu altında təşkil olunur və qlobal qeyri-müəyyənliklər, geosiyasi gərginliklər və sürətlə dəyişən iqtisadi reallıqlar fonunda dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsini əsas prioritet kimi müəyyən edir.
Qeyd edək ki, 4SİM 1 aprel 2021-ci il tarixindən etibarən Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə ev sahibliyi edir. 4SİM DİF-in 4Sİ Mərkəzləri Şəbəkəsinin Azərbaycandakı mərkəzi olaraq MDB regionunda ilk, dünya üzrə isə 24 mərkəzdən biridir.
DİF ilə əməkdaşlıq çərçivəsində süni intellekt, rəqəmsal iqtisadiyyat, sənaye 4.0 və enerji transformasiyası sahələrini əhatə edən 15-dən çox birgə təşəbbüs həyata keçirilir. 4SİM DİF-in beş əsas mərkəzi (Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi, Yeni İqtisadiyyat və Cəmiyyət Mərkəzi, Enerji və Materiallar Mərkəzi, Qabaqcıl İstehsal və Təchizat Zəncirləri Mərkəzi və Regionlar, Ticarət və Geosiyasət Mərkəzi) ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlıq nəticəsində DİF-in rəsmi platformalarında 5 birgə hesabat dərc olunub, həmçinin 10-dan çox birgə beynəlxalq tədbir təşkil edilib.