İQTİSADİYYAT
500 MİLYON KİLOVATSAAT ARTIQ ELEKTRİK ENERJİSİ SƏRF OLUNMUŞDUR
Elektrik enerjisinə qənaət prinsipi ilə işləməyi qarşısına məqsəd qoyan “Barmek-Azərbaycan” Şirkəti cari ilin son beş ayına yekun vurmuşdur. Şirkətin mətbuat xidmətindən müxbirimizə bildirmişlər ki, həmin müddətdə “Barmek”in abonentləri bütövlükdə 4,6 milyard kilovatsaatlıq elektrik enerjisi işlətmişlər. Bunun 3,5 milyard kilovatsaatı Bakı, 1,1 milyard kilovatsaatı isə Sumqayıt şəhərlərindəki abonentlərin payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Bakı şəhəri üzrə 500 milyon kilovatsaat artıq enerji sərf edilmişdir. “Barmek”in mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev demişdir ki, qışın uzun və sərt keçməsi ilə əlaqədar şəbəkə üçün bu rəqəm qənaətbəxş hesab olunur. Sumqayıt Elektrik Şəbəkəsi bu ildən idarəetməyə götürüldüyünə görə, hələlik, müqayisəli hesablama aparılmamışdır.