REGİONLAR


Ağdaşın 3 kəndinə təbii qaz verilib VİDEO

Ağdaş, 12 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaş rayonunun Korarx, Şəkili və Cüvə kəndlərinə uzun fasilədən sonra təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə sentyabrın 12-də keçirilən mərasimdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik ediblər. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan, həyata keçirilən sosial layihələrdən danışıblar.

Rövnəq Abdullayev dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycandakı inkişafın real mənzərəsini diqqətə çatdıraraq bunu düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk vaxtlardan regionların sosial-iqtisadi inkişaf proqramları hazırlanır və uğurla həyata keçirilir. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən Rövnəq Abdullayev kəndlərin qazlaşdırılmasının diqqət mərkəzində saxlanıldığını söyləyib. O, bu istiqamətdə görülən işlərə diqqəti cəlb edərək gələn il respublika üzrə qazlaşdırmanın 95 faizə çatdırılacağını bildirib. Azərbaycanda yaşayış məntəqələrinin sürətlə qazlaşdırılması kommersiya məqsədi daşımır, sosial xarakterlidir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən 2018-ci ilədək ölkəmizin bütün yaşayış məntəqələrinin tam qazlaşdırılması qarşımıza əsas vəzifə kimi qoyulub.

Tədbirdə bildirilib ki, Korarx kəndində 6390 metr, Şəkili kəndində 17334 metr, Cüvə kəndində isə 8278 metr uzunluğunda müxtəlif diametirli metal və polietlen borularla qaz xətti çəkilib. Üç kənddə ümumilikdə 440 abonent mavi yanacaqla təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Qeyd edilib ki, indiyədək Ağdaş rayonunda 48 yaşayış məntəqəsi qazlaşdırılıb. Hazırda rayonun Qoşaqovaq, Pirkəkə və Aşağı Ləki kəndlərinin qazlaşdırılması üçün işlər görülür. İlin sonunadək Ağdaşda daha 10 kəndin qazlaşdırılması nəzərdə tutulur. Bununla da Ağdaşda yaşayış məntəqələrinin 75 faizi təbii qazla təmin olunacaq.

Ağsaqqallar, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin kəndlərdə bayrama çevrildiyini bildiriblər. Sonra kəndlərə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.