Azərbaycan Tələbə Şəbəkəsi Fransa və Livandakı son terror aktları ilə bağlı bəyanat yayıb VİDEO
Berlin, 19 noyabr, AZƏRTAC
Azərbaycan Tələbə Şəbəkəsi Fransada və Livanda törədilmiş son terror aktları ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, terrorizm bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri kimi artıq uzun illərdir dünyanın hər yerinə yayılmaqdadır. Son illərin acı təcrübəsi bir daha göstərdi ki, müasir dövrdə terrorizm sərhəd tanımadan inkişaf etmiş dövlətlərə belə ağır zərbələr vurmaqla ümumilikdə bütün dünyanı bu cinayəti törədənlərə qarşı birlikdə olmağa və əməkdaşlıq etməyə vadar edir.
Qeyd edilir ki, terrorizmin ən dəhşətli formalarına məruz qalmış azərbaycanlılar bu gün həm Yaxın Şərqdə, həm də Avropada qatillərin amansız əməllərindən əziyyət çəkən insanları çox yaxşı anlayır. Azərbaycan xalqı keçən əsrdə dəfələrlə bədnam qonşu Ermənistan tərəfindən oxşar cinayətlərə məruz qalıb, minlərlə vətəndaşını itirib, yüz minlərlə vətəndaşı isə ata-baba yurdundan didərgin düşüb. Ermənilərin törətdiyi qətliamlarda etnik səbəblərlə yanaşı, həm də dini zəmində formalaşmış antimüsəlman nifrəti də mühüm faktor olub. Bunu Xocalı soyqırımı zamanı ermənilərin xristian simvollarından çox sayda istifadə etməsi də təsdiq edir. Buna baxmayaraq, Azərbaycan xalqı heç zaman fərqli dinlər arasında nifrəti alovlandırmayıb və heç kimə, eləcə də ermənilərə qarşı analoji terror aktları törətməyib.
Azərbaycan xalqının bütün millətlərin və dinlərin sülh içərisində yaşamasını təbliğ edən dəyərlərinin təbliğatçısı olaraq Azərbaycan Tələbə Şəbəkəsinin “Holy See” ilə birgə hazırladığı videoçarxda (https://www.youtube.com/watch?v=6UP-NRomDRI) xristian, müsəlman, hindi və yəhudi dinlərindən olan uşaqlar Roma Papası Fransisklə görüşür və ondan sülh, bütün dinlərdən olan uşaqların qorxusuz yaşaya biləcəyi bir dünya üçün dua etməsini xahiş edir. Bu videoçarxda Azərbaycan Tələbə Şəbəkəsi hər kəsə xatırlatmaq istəyir ki, müxtəlif terrorçu qrupların dünyada sülhü məhv etmək, dinlər və xalqlar arasında xaos yaratmaq üçün yorulmadan çalışdığı dövrümüzdə kiçik marjinal qrupların belə niyyətlərini ifşa etməyin, onların din pərdəsi altında yaydıqları bu nifrətin əsiri olmamağın və sülh üçün həmrəy olmağın əhəmiyyəti hər zamankına nisbətən daha çox artıb.
Azərbaycan Tələbə Şəbəkəsi hər bir həmyerlisini heç bir etnik, dini, milli, mədəni fərq tanımadan, hər kəs üçün, istər Xocalıda, istər Beslanda və ya Parisdə, Moskvada, Ankara, Beyrutda, bir sözlə dünyanın hər yerində insanların təhlükəsiz və sülh içərisində yaşamasını arzulamağa və bu dəyərlər uğrunda çalışmağa səsləyir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin