İDMAN
Canni İnfantino FİFA-nin yeni prezidenti seçilib VİDEO
Sürix, 26 fevral, AZƏRTAC
Fevralın 26-da İsveçrənin Sürix şəhərində FİFA-nın növbədənkənar konqresi keçirilib. Konqresdə qurumun yeni prezidenti vəzifəsinə keçirilən seçkilərdə isveçrəli Canni İnfrantino qalib gəlib.
FİFA-da islahatların həyata keçirilməsi üçün paketin müzakirəsi və qəbulu ilə yanaşı, ali futbol qurumuna yeni rəhbərin seçilməsi konqresin gündəliyində duran əsas məsələlər olub. Səsvermədə FİFA-ya üzv olan 207 milli futbol federasiyasının (Küveyt və İndoneziya istisna olmaqla) nümayəndələri iştirak ediblər. Azərbaycan konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov tərəfindən təmsil olunub.
Seçkidən öncə mətbuatda və ekspertlər arasında FİFA prezidenti postu uğrunda əsas mübarizənin favoritlər - UEFA-nın baş katibi Canni İnfantino və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn arasında gedəcəyinə dair məlumatlar yer almışdı. Digər namizədlər - Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvalenin şansının az olması ehtimal edilirdi. Səsvermədən öncə Tokyo Seksvale namizədliyini geri götürüb.
Seçkilərin ilk turunda namizədlərdən heç biri tələb olunan 2/3 səs çoxluğunu (138 səs) əldə edə bilməyib. Canni İnfantino (88 səs) və Şeyx Salman bin İbrahim əl-Xəlifə (85 səs) əsas namizədlər kimi mübarizəni ikinci turda davam etdiriblər. Əli bin əl-Hüseyn (27 səs) və Jerom Şampan (7 səs) favoritlərdən çox geri qalmalarına baxmayaraq, ikinci turda səsvermədə iştirak ediblər.
Bu turda mütləq səs çoxluğunu (115) qazanan isveçrəli Canni İnfantino FİFA-nın yeni prezidenti seçilib. O, bu vəzifəni 2019-cu ilədək icra edəcək.
İtaliya əsilli İsveçrə vətəndaşı olan C.İnfantino 2000-ci ildən UEFA-da çalışır. Qırx beş yaşlı İnfantino 2009-cu ildən bu qurumun baş katibi vəzifəsində işləyib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sürix