İDMAN
Bakıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub VİDEO
Bakı, 5 mart, AZƏRTAC
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə Bədən Tərbiyəsi və İdman Günü təsis edilib. Bu gün hər il martın 5-də qeyd edilir.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov başda olmaqla, Nazirliyin nümayəndə heyəti, Milli Olimpiya Komitəsinin, idman federasiyalarının və ictimaiyyətinin nümayəndələri bayram münasibətilə Fəxri xiyabanı ziyarət edərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edib, məzarı qarşısına əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
A.Rəhimov jurnalistlərə bildirib ki, artıq idman ölkəsi imici qazanan Azərbaycanda bu il və qarşıdan gələn illərdə çoxlu idman tədbiri, o cümlədən beynəlxalq xarakterli idman tədbirləri gözlənilir. Onun sözlərinə görə, bununla əlaqədar, respublikada tematik tədbirlər keçirilir.
Sonra Dənizkənarı Milli Parkda idmanın müxtəlif növləri, o cümlədən kapoyero, voleybol, tennis, yelkən idmanı üzrə nümunəvi çıxışlar olub.