Tino Peres yığmadan ayrılıb ViDEO
Bakı, 20 aprel, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi tutduğu vəzifədən getmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, ispaniyalı mütəxəssis ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə yanaşı, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməyini xahiş edib.
Artıq AFFA-nın baş katibi Elxan Məmmədov da Tino Pereslə yolları ayırdıqlarını təsdiqləyib. O, yeni baş məşqçinin kim olacağının hələ müəyyənləşmədiyini bildirib. AFFA rəhbərliyi isə öz növbəsində Perez Moreno Gomez Faustinonun gördüyü işlərə və yığmamıza qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Qeyd edək ki, 2014-cü ilin oktyabrında Azərbaycan millisinin baş məşqçisi təyin olunan Peres yığmamızı əvvəl “AVRO-2016”nın dörddəbir finalına, ardınca isə tarixində ilk dəfə bu il keçiriləcək dünya çempionatına çıxarıb. Onun adı ötən il üçün dünyanın ən yaxşı yığma məşqçisi adına namizədlər sırasına daxil edilib.