“Lester” komandası tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub VİDEO
Bakı, 3 may, AZƏRTAC
İngiltərənin “Lester” komandası tarixində ilk dəfə Premyer Liqanın çempionu titulunu qazanıb.
AZƏRTAC xəbər verir ki, “Lester” Premyer Liqanın başa çatmasına iki tur qalmış London derbisinin - “Çelsi” - “Tottenhem” matçının heç-heçə (2:2) nəticələnməsindən sonra çempion olub. “Lester”in ən yaxın izləyicisi olan “Tottenhem”in xal itirməsi onun çempion olmasını təmin edib. Belə ki, liderlə ikinci yerdə olan komanda arasında artıq 7 xal fərq yaranıb. Bu da hesabında 77 xal olan Klaudio Ranyerinin yetirmələrinin çempion olması üçün kifayət edib.
Əsası 1884-cü ildə qoyulan klubun indiyədək Premyer Liqada ən böyük uğuru 1928-1929-cu il mövsümündə ikinci yeri tutmaq olub. “Lester” birinci və ikinci divizionlarda qalib olmaq sevincini yaşayıb. Komandanın əsas titulları üç dəfə Futbol Liqası Kubokunu, bir dəfə isə İngiltərə Superkubokunu qazanması olub.