REGİONLAR
İsmayıllıdakı Qız qalasının tədqiq olunmasına ehtiyac var VİDEO
İsmayıllı, 27 iyul, Adil Ağayev, AZƏRTAC
Tarixi abidələrimiz sırasında özünəməxsus yer tutan İsmayıllı rayonu ərazisindəki Qız qalası Xənəyə (Xanəgah) kəndindən şimalda, Axox çayının sağ sahilində, hündür qayanın üstündə yerləşir. Ümumi sahəsi 1,5 hektar olan qala üç tərəfdən - Şərq, Şimal-Şərq və Cənub-Şərqdən Axox çayının sıldırım qayaları, Qərb tərəfdən isə Qarasu dərəsinin əhatəsindədir. Qalaya yeganə yol Qarasu dərəsi ilə qalxır. Bu yerlər də yonulmamış çay daşı və kirəc məhlulu ilə inşa edilən xüsusi müdafiə divarı ilə möhkənləndirilib.
Xanəgahdakı Qız qalasında kəşfiyyat xarakterli tədqiqatlar ötən əsrin 60-cı illərində aparılıb. Tikinti materiallarının qalıqları ilə sonrakı dövrə aid bərpa elementləri arasındakı fərqlilik nəzərə alınmaqla, qalanın IX-XI əsrlərdə tikildiyi güman edilir. Tanınmış arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyev isə qalanın tikilmə tarixinin VII-VIII əsrlərə aid olduğu qənaətindədir. Professor tədqiq olunan tikinti materiallarının sonradan bərpa zamanı işlədildiyini söyləyir.
Qız qalaları Azərbaycan ərazisində geniş yayılmış tarixi tikililərdəndir. Bu adda qalalar Bakı, İsmayıllı, Şəki, Şamaxı, Qəbələ, Oğuz, Qazax, Yardımlı, Gədəbəy, Naxçıvan Muxtar Respublikası və Qarabağ ərazisində mövcuddur. Xalq arasında qız qalaları barədə bir-birindən fərqli çoxlu əfsanələr yayılıb. Əlbəttə, bu qalaların hamısı istinasız olaraq müdafiə qalalarıdır. Onun məhz qız qalası adlandırılması barədə fərziyyələr də məhz adı ilə əlaqədardır. Belə ki, müharibələr zamanı düşmənlər qarşı tərəfin qız-gəlinlərini ələ keçirməyə çalışır və bununla rəqiblərini sarsıtmağa nail olurdular. Buna görə də ulularımız döyüşlərdən qabaq qız-gəlinləri etibarlı yerlərdə, onlar üçün tikilən alınmaz qalalarda yerləşdirib döyüşə atılırdılar. İsmayıllıdakı qız qalası da onlardan biridir.
Əlbəttə, gələcək kompleks tədqiqatlar Azərbaycanın sirli xəzinələri olan bu cür yüzlərlə qala barədə, o cümlədən İsmayıllıdakı Qız qalası haqda tarixi həqiqətləri üzə çıxaracaq.