ELM VƏ TƏHSİL
ABŞ-da fəaliyyət göstərən azərbaycanlı alim Şamaxı Astrofizika Rəsədxanasında olub
Bakı, 24 iyul, AZƏRTAC
ABŞ-ın Florida Universitetinin professoru Dürdanə Balakişiyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, rəsədxanada aparılan elmi tədqiqatlar, fəaliyyət göstərən teleskoplar və onların işıq qəbulediciləri ilə yaxından tanış olan həmyerlimiz ŞAR-da keçirilən seminarda da iştirak edib. Tədbirdə “Tünd materiya axtarışının keçmişi, bu günü və gələcəyi” mövzusunda məruzə edən D.Balakişiyevanın çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzədə ABŞ-da tünd materiyanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlar, bunun üçün yaradılmış xüsusi yeraltı rəsədxanalar, bu sahədə qazanılan uğurlar və gələcəkdə nəzərdə tutulan işlər barədə məlumat verilib.
D.Balakişiyeva, həmçinin rəsədxananın direktoru vəzifəsini icra edən, AMEA müxbir üzvü Namiq Cəlilovla görüşüb. Görüşdə kosmologiya sahəsində ŞAR ilə birgə işlərin aparılması, rəsədxana əməkdaşlarının, xüsusilə gənc kadrların ixtisasartırma məqsədilə ABŞ elmi mərkəzlərinə göndərilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.