ELM VƏ TƏHSİL


AQİL ƏLİRZA OĞLU ƏLİYEV

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış iqtisadçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor Aqil Əlirza oğlu Əliyev 2006-cı il martın 7-də ömrünün 80-ci ilində vəfat etmişdir.

Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. O, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi kimi başlayan Aqil Əliyev sonralar Azərbaycan Politexnik İnstitutunda çalışmış, 1953-cü ildən taleyini Azərbaycan Tibb Universiteti ilə bağlayaraq burada müxtəlif vəzifələr tutmuşdur. O, 1973-cü ildən ömrünün sonunadək Tibb Universitetinin iqtisadiyyat və hüququn əsasları kafedrasının müdiri işləmişdir.

Aqil Əliyev 1970-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. Aqil Əliyev iqtisad elminə qiymətli töhfələr verən alim idi. Onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tutmuşdur.

Aqil Əliyev Azərbaycanda elmi-texniki inkişafın kompleks proqramının işlənib hazırlanmasında yaxından iştirak etmiş, əhalinin sağlamlığının qorunması ilə bağlı iqtisadi problemlərin təhlili üzərində ardıcıl çalışmış, respublikada məhsuldar qüvvələrin inkişaf sxeminin hazırlanmasının müəlliflərindən olmuşdur. Alimin iqtisadi islahatların sosial tərəqqidə rolu, bazar münasibətləri şəraitində əhalinin sosial problemlərinin öyrənilməsi sahəsindəki araşdırmaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Aqil Əliyev səmərəli elmi fəaliyyətlə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanmasına və elmin təşkilinə böyük qüvvə sərf etmişdir. O, yüksək ixtisaslı kadrlar hazırlanmasındakı xidmətlərinə görə 1981-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Aqil Əliyev iqtisadçıların bir sıra beynəlxalq konfrans və simpoziumlarındakı çıxışları ilə Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir. O, respublikanın elmi həyatında yaxından iştirak etmiş, fəal ictimai işlə məşğul olmuşdur.

İqtisadçı alim Aqil Əliyevin elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış alim Aqil Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev, Artur Rasizadə,

Oqtay Əsədov, Ramiz Mehdiyev,

Vasif Talıbov, Elзin Əfəndiyev,

Mahmud Kərimov, Hacıbala Abutalıbov,

Oqtay Şirəliyev, Fatma Abdullazadə,

Nizami Xudiyev, Arif Mehdiyev,

Nəriman Quliyev, İsmayıl Hacıyev,

Ağamusa Axundov, Cəmil Əliyev,

Əhliman Əmiraslanov, Asəf Nadirov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.