Abşeron rayonunda uşaq bağçalarının şəraiti yaxşılaşdırılır
Xırdalan, 13 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhərində abadlıq işləri davam edir. Son 3 ildə Xırdalan şəhərində çoxmənzilli yaşayış binalarının həyətlərində qanunsuz zəbt edilmiş 700-dən çox daş və ya metal torla hasarlanmış ərazi sökülərək təmizlənib, bəzi məhəllələrdə park və uşaqlar üçün meydança olmaqla nümunəvi məhəllə yaradılıb.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı zamanda böyüməkdə olan körpələrin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əsaslı işlər görülür. Son zamanlar bu istiqamətdə mühüm işlər görülüb. Bunu şəhər mərkəzində, eləcə də kənd və qəsəbələrdə inşa olunan və əsaslı şəkildə təmir edilən körpələr evi-uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar.
Bu günlərdə rayon rəhbərliyinin tapşırığına əsasən, Xırdalan şəhərində yerləşən 2 və 22 saylı körpələr evi-uşaq bağçalarında rayonun daxili imkanları hesabına təmir işlərinə başlanılıb.