ELM VƏ TƏHSİL
Agentlik: Qüvvədə olan ixtira patentlərinin çoxu kimya sahəsinə aiddir

Bakı, 3 mart, AZƏRTAC
Azərbaycanın texnoloji profili (patent landşaftı) ötən il də diqqət mərkəzində olub. Azərbaycan rezidentlərinin Beynəlxalq Patent Təsnifatının (BPT) bölmələrinə uyğun olaraq qüvvədə olan patentlərinin (milli ofis) göstəricilərinin “Patent landşaftı” üzrə paylanması araşdırılıb.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, qüvvədə olan ixtira patentlərinin çoxu “Kimya və metallurgiya” (113), “Tikinti, mədən işi” (53) və “İnsanın həyati tələbatlarının təmin edilməsi” (36) bölmələrinə aiddir. 2021-ci il ilə müqayisədə dəyişikliklər çox olmayıb. Bununla belə, “Kimya və metallurgiya” üzrə qüvvədə olan ixtira patentlərinin sayı 147-dən 113-ə qədər azalıb, “Tikinti, mədən işləri” üzrə qüvvədə olan patentlərin sayı 42-dən 53-dək artıb, “İnsanın həyati tələbatlarının təmin edilməsi” üzrə qüvvədə olan patentlərin sayı isə 25-dən 37-dək artıb.
Qüvvədə olan ixtira patentlərinin təhlilinin nəticələri göstərir ki, ölkədə yeni texnologiyaların drayveri rolunu “Kimya”; ”Səhiyyə; xilasetmə xidməti; əyləncə”; “Torpaq və ya dağ süxurlarının qazıntısı; mədən işi” üzrə ixtiralar oynayır və bu texnoloji sahələr, ilk növbədə, Azərbaycanda elmi-texnoloji inkişafın və yeni sənaye sahələrinin yaradılması üçün mümkün prioritetlər kimi nəzərdən keçirilməlidir.