ELM VƏ TƏHSİL
Agentlik: Sənaye mülkiyyətinin mühafizəsi sahəsində Apellyasiya Şurasına 243 müraciət daxil olub

Bakı, 3 mart, AZƏRTAC
Ötən il pozulmuş müəllif hüquqlarının bərpasına dair Əqli Mülkiyyət Agentliyinə daxil olmuş 10 yazılı müraciət qanunvericiliyin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu qurumun ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” müəlliflər və digər hüquq sahibləri tərəfindən qaldırılan məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində kömək göstərib. Agentliyin nümayəndələri əqli mülkiyyət obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 50-yə yaxın iş üzrə 130-dan çox məhkəmə iclasında iştirak edib, hər bir iş üzrə ekspert rəyi hazırlanıb və məhkəmələrə təqdim edilib, bir sıra maarifləndirmə tədbirləri keçirilib.
Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına 243 müraciət daxil olub. Ötən dövr üzrə daxil olmuş və yekunlaşdırılmış işlər də nəzərə alınmaqla, hesabat dövründə 252 işə baxılmış, 105 iş üzrə ərizənin təmin edilməsi, 35 iş üzrə ərizənin qismən təmin edilməsi, 95 iş üzrə ərizənin rədd edilməsi, 17 ərizənin baxılmamış saxlanması barədə qərarlar qəbul edilib.