ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyi “Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nı yenidən akkreditasiyadan keçirib

Bakı, 8 dekabr, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının iclası keçirilib.

Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin audiovizual sahədə müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi üzrə ölkəmizdə yaradılmış ilk təşkilat olduğunu, audiovizual əsər müəlliflərinin hüquqlarının idarəçiliyində xeyli təcrübə qazandığını və hazırda öz nizamnaməsindən irəli gələn vəzifə və funksiyalarını uğurla həyata keçirdiyini bildirib. O, Agentliyin rəhbərliyinin ictimai birliyin qarşılaşdığı çətinliklər, xüsusilə istifadəçilər ilə mübahisələrin həllində hüquqi yardımın göstərilməsinə hazır olduğunu qeyd edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, iclasda “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi Bürosunun sədri kinorejissor Hüseyn Mehdiyev 1999-cu ildə yaradılan təşkilatın əsas məqsədinin müəlliflərin hüquqlarının qorunması olduğunu nəzərə çatdırıb. O, təşkilatın fəaliyyətindən danışıb, Gildiyanın Agentlik ilə daim əməkdaşlıq etdiyini və mütəmadi olaraq dəstək aldığını vurğulayıb.

Komissiya üzvləri müraciətlə bağlı öz fikir və təkliflərini bildiriblər. Toplantının yekununda Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının üzvlərinin yekdil rəyinə əsasən, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nın yenidən akkreditasiyadan keçirilməsi haqqında qərar qəbul edilib.

Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birliklər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin üçüncü hissəsinə və Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na əsasən Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçməlidirlər.

Qanunvericiliyə uyğun olaraq, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi akkreditasiyadan keçmək üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edib. Müraciətlə əlaqədar “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” tərəfindən təqdim olunan sənədlər və məlumatlar müəllif-hüquq qanunvericiliyinə uyğun şəkildə təhlil edilib. Təhlil zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar işçi qaydada ictimai birliyin rəhbərliyi tərəfindən aradan qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.