ELM VƏ TƏHSİL
Əqli Mülkiyyət Agentliyi erməni saxtakarlıqlarına qarşı Bakı Musiqi Akademiyasının elmi araşdırmalarına dəstək verəcək

Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə ilə görüşüb. Görüşdə akademiyanın elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayilzadə, baş elmi işçi, Əməkdar incəsənət xadimi, professor Akif Əsədullayev və aparıcı elmi işçi, dosent Ariz Abduləliyev də iştirak ediblər.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Kamran İmanov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatları xüsusi qeyd edib. O, Agentliyin ölkəmizdə əqli mülkiyyət hüquqları, o cümlədən müəlliflik hüququ və folklor nümunələrimizin qorunması sahəsində həyata keçirdiyi tədbirlər haqqında danışıb.
Gülnar Abdullazadə ermənilər tərəfindən xalqımızın musiqi əsərlərinə qarşı saxtakarlıq fəaliyyətinin Bakı Musiqi Akademiyasında elmi cəhətdən araşdırılması sahəsində görülən işlər barədə məlumat verərək, bu istiqamətdə aparılan işlərdə Agentliyin dəstəyinə ehtiyac olduğunu diqqətə çatdırıb. Qonaqlar Azərbaycan xalq musiqi alətlərinin təbliği üçün beynəlxalq festivalların təşkilinin vacibliyini, kustar vasitələrlə düzəldilmiş musiqi alətləri ilə dünya səviyyəsinə çıxmağın mümkün olmadığını və belə alətlərin istehsalı üzrə fabrikin tikilməsinə ehtiyac olduğunu bildirib, bu sahədə təbliğat işinin artırılması məqsədilə alimlərin elmi araşdırmalarının nəşrində dəstəyə ehtiyac olduğunu vurğulayıb.
Kamran İmanov ermənilərin plagiat fəaliyyətinin əsas səbəbinin onların Azərbaycan xalqının tarixi torpaqlarında avtoxton olduqlarını sübut etmək olduğunu xüsusi vurğulayaraq Əqli Mülkiyyət Agentliyinin Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə apardığını, bununla əlaqədar tarixi, etimoloji-linqvistik və hüquqi cəhətdən əsaslandırılmış arayışlar və şərhlər hazırlandığını, erməni saxtakarlıqları barədə beynəlxalq təşkilatlara, o cümlədən ÜƏMT və UNESCO-ya etiraz məktubları göndərildiyini diqqətə çatdırıb. Həmçinin bu mövzuda çoxsaylı konfrans, dəyirmi masa və digər tədbirlər keçirildiyini, kitablar, müxtəlif növ təbliğat materiallarının çap olunaraq geniş ictimaiyyət arasında yayıldığını bildirib.
Görüşdə erməni saxtakarlıqlarının ifşa olunmasında Bakı Musiqi Akademiyasının əməkdaşlarının fəaliyyətlərinə Agentlik tərəfindən dəstək veriləcəyi, o cümlədən onların elmi araşdırmalarının nəşrinə kömək göstəriləcəyi, Agentliyin keçirdiyi tədbirlərdə məruzə ilə çıxış etmələrinə şərait yaradılacağı xüsusi qeyd edilib və gələcək səmərəli əməkdaşlığa inam hissi ifadə olunub.