Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib
AzerTAg.az

Bakı, 14 iyun, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” mövzusunda konfrans keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbiri açan Respublika Elmi-Texniki Kitabxanasının direktorunun səlahiyyətlərini icra edən, İnnovasiya və inkişaf üzrə direktorun birinci müavini Səbinə Sultanova Milli Qurtuluş Gününün əhəmiyyəti barədə danışıb.
Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Natiq İsayev Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik olan Milli Qurtuluş Günü haqqında məruzə ilə çıxış edib. O, müstəqilliyin ilk illərində ölkəmizdə yaranmış ağır ictimai-siyasi və iqtisadi böhran dövründə 1993-cü il 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin xalqın təkidilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın daha böyük fəlakətlərdən xilas olduğunu və gələcək inkişafın təməlinin qoyulduğunu bildirib. N.İsayev həmin dövrdə baş verən hadisələrə toxunaraq ölkədə hərc-mərcliyin, separatçılığın vüsət aldığını qeyd edərək məhz Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyinin qorunub saxlandığını vurğulayıb.
Konfransda çıxış edənlər Heydər Əliyevin SSRİ dövründə və müstəqillik illərimizdə siyasi və iqtisadi quruculuq fəaliyyəti, o cümlədən kitabxana işinin inkişafına verdiyi töhfələr və bu sahədə milli qanunvericiliyin yaradılması istiqamətində gördüyü işlər barəsində məlumat veriblər.
Tədbir iştirakçıları Heydər Əliyevin Agentlikdəki büstü önünə tər güllər qoyulub, xatirəsini ehtiramla anıblar.
Xəbərin mətnində orfoqrafik səhv var