REGİONLAR
Astarada heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir
Astara, 9 yanvar, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil artır. Bu isə məhsul artımına müsbət təsir göstərir.
Cari ilin yanvarın 1-i vəziyyətinə görə, rayonda 40 min 757 baş iribuynuzlu mal-qara, 21 min 348 baş davar qeydə alınıb. İribuynuzlu mal-qaranın 48,9 faizini inək və camışlar təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2021-ci ildə rayonda 3 min 967,2 ton diri çəkidə ət, 27 min 626,1 ton süd, 11 milyon 434 min ədəd yumurta, 28,0 ton yun istehsal olunub.
Əvvəlki illə müqayisədə ət istehsalı 28,6 ton, süd istehsalı 274,5 ton, yumurta istehsalı 6 min ədəd, yun istehsalı isə 1 ton artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır.
Astarada heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2021-ci ildə rayonda 1572 baş inək və düyə süni yolla mayalandırılıb, 686 baş cinsi yaxşılaşdırılmış buzov alınıb.