Əyyub Quliyev: Opera və Balet Teatrı Üzeyir Hacıbəyli Musiqi Festivalına hazırlaşır
Bakı, 7 sentyabr, AZƏRTAC
Ölkəmizdə XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival paytaxtımızda təşkil olunan ən böyük və əhəmiyyətli mədəni layihələrdən biridir. Tanınmış ifaçılar, dirijorlar, solistlər və musiqi kollektivləri festival çərçivəsində ölkəmizə gələrək, maraqlı konsert proqramları ilə çıxış edəcəklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da festivala ciddi hazırlaşır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əməkdar artist, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev söyləyib.
O bildirib ki, Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin ən möhtəşəm əsərlərindən biri olan “Koroğlu” operası təqdim olunacaq. Tamaşa baş rolun ifaçısı olan Xalq artisti Samir Cəfərovun 50 illik yubileyinə həsr edilib: “Bununla yanaşı, mənim dirijoru olduğum digər kollektiv - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə festival çərçivəsində iki maraqlı proqram hazırlamışıq. Bu layihələr, xüsusilə, yaradıcılıq yolunda ilk addımlarını atan gənc bəstəkarlar üçün böyük əhəmiyyət daşıyır”.
Dirijor teatrın üzərində işlədiyi daha bir layihənin Cakomo Puççininin “Turandot” operasının premyerası olduğunu diqqətə çatdırıb: “Operanın oktyabrın 24-25-26-da Heydər Əliyev Sarayında nümayiş etdirilməsi nəzərdə tutulub. Səhnə əsərində Azərbaycan opera solistləri ilə yanaşı, İtaliyadan dəvət olunmuş tanınmış ifaçılar da çıxış edəcəklər. İnanıram ki, bu layihə klassik musiqi həvəskarları üçün əsl bayrama çevriləcək”.
Ə.Quliyev görkəmli bəstəkarların yubileylərinin də diqqətdən kənarda qalmadığını vurğulayıb. “Xalq artisti, professor Ramiz Mustafayevin 100 illik yubileyi ilə əlaqədar oktyabrda həm Opera və Balet Teatrında, həm də Dövlət Akademik Filarmoniyasında konsertlər keçiriləcək. Teatrın repertuarında Qara Qarayevin “Yeddi gözəl” baleti də yer alır, bu səhnə əsəri oktyabrın 18-də təqdim olunacaq”, - deyə o əlavə edib.
Dirijor Opera və Balet Teatrında yeni mövsümün sentyabrın 16-da açılacağını bildirib. Qeyd edib ki, mövsümün açılışı çərçivəsində Heydər Əliyev Sarayında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası da nümayiş olunacaq.