Memar: Bu cür əməllər gələcək nəsillərə ötürülən tarixi yaddaşa zərər vurur
Bakı, 7 sentyabr, AZƏRTAC
Tarixi və mədəni irs nümunələrinə, eləcə də təbiətə qarşı vandalizm hallarının qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsi vacibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının üzvü, memar İlqar Əliyev söyləyib.
O bildirib ki, vandalizm yalnız Şuşada deyil, Azərbaycanın bütün şəhər və kəndlərində yolverilməzdir. Onun sözlərinə görə, belə hallara yol verən şəxslər yalnız cərimələnməməli, həm də törətdikləri əməlin nəticələrini aradan qaldırmalıdırlar.
“Düşünürəm ki, bu vandalizm hərəkətləri təkcə Azərbaycanın tacı olan Şuşa şəhərinə yox, bütün Azərbaycanın hər bir diyarına, kəndinə və şəhərinə aid olmalıdır. Bu vandalları cərimə etməklə yanaşı, mütləq şəkildə özlərinə təmizlətdirmək, əvvəlki görkəminə gətizdirmək lazımdır”, - deyə İ.Əliyev vurğulayıb.
Memar qeyd edib ki, tarixi abidələrin və ictimai mülkiyyətin zədələnməsinə qarşı cəmiyyətin münasibəti daha sərt olmalıdır. O, bu cür əməllərin gələcək nəsillərə ötürülən tarixi yaddaşa da zərər vurduğunu bildirib.
İ.Əliyev digər ölkələrdə vandalizm hallarına görə tətbiq edilən tədbirlərdən də danışıb. Onun sözlərinə görə, yaxın vaxtlarda Fransada bir vətəndaş vandalizmə görə məhkəmə qarşısında cavab verib və cəzalandırılıb. Memar Rusiyada İkinci Dünya müharibəsindən qalan tank abidəsinin vandalizmə məruz qalması ilə bağlı hadisəni də nümunə göstərib.
“Dövlət mülkiyyətini korlayana məhkəmə qurulur, ümumi mülkiyyəti korlayana isə yalnız cərimə ilə kifayətlənirik. Bu məsələyə yanaşmanı dəyişmək lazımdır”, - deyə o əlavə edib.
Memar təbiət ərazilərində vandalizm hallarının da ciddi problem olduğunu diqqətə çatdırıb. O bildirib ki, təbiətin yaratdığı gözəllikləri qorumaq hər kəsin məsuliyyətidir.
“Allahın bizə bağışladığı gözəlliyi korlayanlara qarşı da hansısa cəza olmalıdır. Təbiətin qoynunda gözəl və mənzərəli bir yerdə qəribə bir daş varsa və həmin daş buranın gözəlliyini tamamlayırsa, nəinki onu özü ilə aparmaq, hətta yerini dəyişmək belə olmaz”, - deyə İ.Əliyev vurğulayıb.
Müxbir - Pərvanə Qafarova