REGİONLAR
Astarada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 20,1 faiz artıb
Bakı, 10 avqust, AZƏRTAC
Cari ilin iyulun 1-i vəziyyətinə Astarada muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 123 nəfər və ya 1,5 faiz artaraq 8 min 461 nəfər olub. Onlardan 6 min 207 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 2 min 254 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, muzdla işləyənlərin 41,5 faizi təhsil, 20 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,0 faizi sənaye, 11,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,9 faizi tikinti, 5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 7,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Cari ilin yanvar-iyun aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,1 faiz artaraq 528,7 manat olub. Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı dövlət bölməsində 575,6 manat, özəl bölmədə 358,8 manat təşkil edib.
İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.