REGİONLAR
Astarada ümumi məhsul və xidmətlərin həcmi 2,5 faiz artıb
Astara, 8 may, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunda 2023-cü ilin yanvar-mart aylarında iqtisadiyyatın əsas sahələri (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) üzrə istehsal olunan məhsul və xidmətlər əvvəlki illə müqayisədə 2,5 faiz artaraq 48 milyon 152,8 min manat olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən bildirilib.
İstehsal edilən məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri 433,7 manat təşkil edib.
Bu dövrdə ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 22 milyon 586,5 min manatlıq və ya ümumi məhsulun 46,9 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 11 milyon 583 min manatlıq (24,1 faiz), sənayedə 10 milyon 86,6 min manatlıq (20,9 faiz), tikintidə 1 milyon 530,1 min manatlıq (3,2 faiz), nəqliyyat və anbar təsərrüfatı sahələrində 2 milyon 53,9 min manatlıq (4,3 faiz), informasiya və rabitə sahələrində isə 312,7 min manatlıq (0,6 faiz) məhsul və xidmətlər istehsal olunub.
Əvvəlki illə müqayisədə nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,4 dəfə, sənayedə 21,1 faiz, informasiya və rabitə sahələrində 8,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,9 faiz artım, tikintidə isə 68,5 faiz azalma müşahidə edilib.