REGİONLAR
Azərbaycan Ordusunun işğaldan azad etdiyi Talış kəndindən - AZƏRTAC-ın reportajı VİDEO
Tərtər, 10 oktyabr, T.Ağaməmmədov, foto R.İsmayılov, AZƏRTAC
Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən biri də Tərtərin Talış kəndidir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam edilmiş müxbirləri bu gün Talış kəndində olub, çəkiliş aparıblar.
Azərbaycan Silahlı Qüvvələri oktyabrın 3-də Tərtər rayonunun Talış kəndini və Suqovuşan qəsəbəsini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdurahmanlı kəndini, oktyabrın 4-də Cəbrayıl şəhəri, rayonun bir neçə yaşayış məntəqəsi, o cümlədən Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndlərini, oktyabrın 9-da isə Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini və bir sıra strateji yüksəklikləri işğalçılardan təmizləyib. İndi bu yerlərdə Azərbaycan bayrağı dalğalanır.
Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.