Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti VİDEO

-Əziz həmvətənlər. 

2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.

Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqlar gedirdi. Ancaq danışıqlar heç bir nəticə vermədi. Faktiki olaraq, Ermənistan bu danışıqlarda, sadəcə olaraq, vaxt uzatmaq istəyirdi. Danışıqların imitasiyası prosesi gedirdi. 2003-cü ildə mən birinci dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdim ki, mənim üçün Prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Prezidentlik dövrümün birinci illərində müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Çünki hesab edirdim ki, beynəlxalq hüququn norma və prinsipləri gözəl zəmin yaradır, bilirdim ki, tarixi ədalət bizim tərəfimizdədir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün hüquqi əsas yaradırdı. Ancaq illər keçdikcə görürdüm ki, ümidlərimiz azalır və bunun səbəbi Ermənistanın fəaliyyəti idi, siyasəti idi, addımları idi. İllər keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni həll etmək istəmir. Ermənistan, sadəcə olaraq, bizim torpaqlarımızı işğal altında əbədi saxlamaq istəyir və danışıqlarda iştirak etməklə, sadəcə olaraq, görüntü yaradır ki, elə bil, danışıqlar prosesi gedir və beynəlxalq vasitəçilər də bu prosesdə iştirak edirlər. İllər keçdikcə ümidlərimiz azalırdı. Mən isə hər zaman deyirdim, son 17 il ərzində demək olar, bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir. Bütün bunları mən deyirdim və bu mövqe getdikcə daha da möhkəmlənirdi. Eyni zamanda, açıq görürdüm ki, əgər biz güclü olmasaq, əgər əlimizdə güc olmasa, bu məsələni həll edə bilmərik. Biz birinci Qarabağ müharibəsində torpaqlarımızı nə üçün itirdik? Ona görə ki, o vaxtkı Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmirdi. 1992-ci ildə Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı və ondan sonra digər torpaqların işğalı qaçılmaz idi. Ordumuz demək olar ki, dağılmışdı, nizami ordu yaradılmamışdı, cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı. Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır. Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi. Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil.

İqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi, daha da cəsarətli siyasət aparıldı, müstəqil siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir və Vətən müharibəsi bir daha onu göstərdi. Bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etmişik və ondan sonra Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik.

Güc toplamaq üçün əlbəttə ki, düzgün siyasət aparılmalıdır. Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi - güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!

Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir. Eyni zamanda, biz öz siyasətimizlə Ermənistanı zəiflətməli idik və bunu gizlətmirdik. Mən bunu təkcə bu gün demirəm, 10 il bundan əvvəl demişdim, nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistanı bütün layihələrdən, bütün regional təşəbbüslərdən məhrum edəcəyik, onları təcrid edəcəyik və bunu etdik. Baxın indi Avrasiyanın enerji, nəqliyyat, kommunikasiya xəritələrinə, ölkələri birləşdirən bütün o yollar, ölkələr üçün böyük fayda gətirən layihələr Ermənistandan yan keçib. Kim bunu edib? Biz, təzyiqlərə baxmayaraq. Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, hətta Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Sanki biz təbiəti burada çirkləndiririk, ekoloji tarazlığa ziyan vururuq. Nə üçün? Çünki bu layihəni dayandırmaq, yaxud da ki, bu layihəni Ermənistan ərazisindən həyata keçirmək üçün. O təqdirdə bizim əl-qolumuz bağlı olacaqdı, bizim bütün neft və ondan sonra qaz ixracımız Ermənistanın əlində olacaqdı. Mən buna razı ola bilərdim? Əlbəttə ki, yox! Ona görə də təzyiqlərə məruz qalırdım. Bəzi ölkələrin istəklərini yerə vururdum. Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə, bütün şər-böhtana, bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi - güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etmək!

Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə etdik və bütün bu yollar ictimaiyyətə təqdim edilirdi. Biz heç nəyi hansısa məxfi formatda etməmişdik. Demişdim ki, təcrid edəcəyik, etdik, neft kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistandan yan keçdi, telekommunikasiya xətləri Ermənistandan yan keçdi, elektroenergetika layihələri Ermənistandan yan keçdi. Ermənistan mümkün olan gəlirlərdən məhrum edildi.

Digər tərəfdən, Ermənistanı beynəlxalq arenada ifşa etmək, onların işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq başlıca vəzifələrimizdən biri idi və buna nail olduq. Son 17 il ərzində demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar, qətnamələr qəbul ediblər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər.

Biz Qoşulmama Hərəkatına üzv olduq. Yadımdadır, o vaxt bəziləri bunu səhv addım kimi qiymətləndirirdi. Ancaq mən bilirəm ki, bu, düzgün addım idi. Üzv olan kimi, dərhal 120 ölkənin dəstəyi ilə münaqişəyə dair qətnamə qəbul etdirdik - bizim maraqlarımıza xidmət edən qətnaməni. Bu gün Qoşulmama Hərəkatının sədri kimi öz sözümüzü dünya miqyasında deyirik. Onu da bir daha demək istəyirəm ki, müharibə zamanı BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı bizə sərf etməyən qərəzli anti-Azərbaycan təşəbbüslərinin qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv ölkələr öz sözünü dedi. Bu təşəbbüs baş tutmadı.

Biz İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr qurduq. Tarixdə bu gün bu əlaqələr ən yüksək zirvədədir. İslam Əməkdaşlıq Təşkilatı bu münaqişə ilə bağlı düzgün, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən qətnamələr qəbul etdi. Biz müsəlman ölkələri ilə təmaslar əsnasında onlara erməni vəhşilikləri haqqında məlumat çatdırırdıq. Dağıdılmış, təhqir edilmiş məscidlərin şəkillərini mən öz həmkarlarıma göstərmişdim və sual verirdim ki, siz bundan sonra bu ölkə ilə necə əlaqələr qurursunuz? Bu şəkilləri görəndən sonra siz onlarla necə görüşürsünüz, onların əlini sıxırsınız? Axı, bütün bu vəhşiliklər təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı edilən cinayətdir.

Biz regionda qonşu ölkələrlə sıx münasibətlər qurduq. Çünki əvvəllər nədənsə hesab olunurdu ki, regionda Azərbaycanın ənənəvi müttəfiqləri var və Ermənistanın ənənəvi müttəfiqləri var. Biz bu konsepsiyanı darmadağın etdik. Bu gün qonşularımızın hamısı bizim yaxın dostlarımızdır. Bizim bütün qonşularımızla həm ikitərəfli, həm üçtərəfli formatda çox gözəl əməkdaşlığımız var. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı var, Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı var, Azərbaycan-İran-Rusiya üçtərəfli formatı var. Ermənistanın hər hansı ölkələrlə bu formatı varmı? Yoxdur. Bu, bizim siyasətimizin düzgün olmasının bariz nümunəsidir. Biz Ermənistanı onların uzun illər saydıqları dayaq nöqtələrindən məhrum etdik. Çünki siyasətimizi düzgün qurmuşuq. Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir.

Ona görə, bütün bu amillər öz rolunu oynadı. Ermənistanın təqdim etdiyi saxta tarixi darmadağın etmişik, beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə Kürəkçay sülh müqaviləsi haqqında kifayət qədər dolğun məlumat vermişik. Hər kəs gördü ki, erməni xalqı Qarabağ bölgəsində, sadəcə olaraq, son 200 il ərzində yaşayır, oraya köçürülüblər. Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq və çatdırırıq. Xocalı haqqında son 17 ilə qədər kimsə danışırdı? Sanki belə bir cinayət olmayıb. Sanki bu soyqırımı olmayıb. Çünki Ermənistan bunu ört-basdır etməyə çalışırdı. Hətta bu hərbi cinayəti Azərbaycanın üstünə atmaq istəyir. Necə ki, Vətən müharibəsi dövründə Gəncəni və digər şəhərləri Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutandan sonra deyirdi ki, Azərbaycan bunu özü edib. Belə həyasız ölkə ola bilərmi? Belə vicdansız adamlar ola bilərmi? Görünür ki, ola bilər. Bu da Ermənistandır. Ona görə, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük səylər göstərdik - həm dövlət, həm Heydər Əliyev Fondu. Bu gün 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyıb. Müharibə haqqında həqiqətləri, dağıdılmış şəhərlər, kəndlər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq. Halbuki bizim o kəndlərə, şəhərlərə getmək imkanımız yox idi. Heç bir beynəlxalq təşkilat oraya getmirdi. UNESCO, hansı ki, bu gün bizə irad tutmağa çalışır, guya biz erməni dini abidələrini burada qoruya bilməyəcəyik. Halbuki bu, yalandır. Azərbaycanda bütün dinlərin abidələri qorunur. Bir dəfə gedib o torpaqlara? Bir dəfə Şuşa məscidində olub? Zəngilanda dağıdılmış məsciddə olub? Ağdam məscidində olub? Orada ermənilər donuz, inək saxlayırdılar. İndi bizə irad tuturlar.

Ermənistan oralara heç kimi buraxmırdı, heç kimi. Hətta Minsk qrupuna sədrlik edən ölkələrin səfirlərini buraxmırdı. Biz güc-bəla ilə iki dəfə nail olduq ki, Minsk qrupu işğal edilmiş torpaqlara faktaraşdırıcı missiya göndərsin. Sonuncu missiya on il bundan əvvəl getmişdi. Hər il mən bunlara deyirdim ki, niyə getmirsiniz? Gedin, oraya baxın, qanunsuz məskunlaşma gedir. Bizim bütün şəhərlərimiz, kəndlərimiz dağıdılır. Kəndlərimizin, şəhərlərimizin adları dəyişdirilir, tarixi abidələrimiz dağıdılır, yaxud da ki, erməniləşdirilir. Getmirdilər ki, Ermənistan buraxmır. Ermənistan kimdir ki, buraxmasın. Ona görə, bax, bütün bu işləri görərkən biz Qələbə günümüzü yaxınlaşdırırdıq. Əgər mənim əvvəlki çoxsaylı çıxışlarıma nəzər yetirsəniz, görərsiniz, demişdim ki, hər gün hər birimiz bu müqəddəs anı öz əməyimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırdıq, bu müqəddəs Qələbə anı gəldi.

Müharibənin qaçılmaz olması ilə bağlı artıq neçə ildir ki, regionun işləri ilə məşğul olan müxtəlif ekspertlər öz fikirlərini ifadə edirlər. Eyni zamanda, bütün bu illər ərzində bizə ünvanlanan sifarişlər arasında, necə deyərlər, bir tezis üstünlük təşkil edirdi ki, münaqişənin hərbi həlli yoxdur. Kimsə bunu ortalığa atıb. Mən təxminən bilirəm kim. Bütün başqa təşkilatlar, bu işə aidiyyəti olan - olmayan, bölgə məsələləri ilə məşğul olan - olmayan, hamı elə bir ağızdan deyirdi ki, münaqişənin hərbi həlli yoxdur.

Mən son illər ərzində bir çox ölkələrdə rəsmi səfərlərdə olmuşam - əlbəttə ki, həm bölgə ölkələrində və başqa ölkələrdə. Bütün bu səfərlər işıqlandırılıb. Bir çox hallarda heç bölgə ilə, bizim regionumuzla əlaqəsi olmayan hansısa həmkarım deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Sən haradan bilirsən? Deyiblər ki, bax, bunu deməlisən İlham Əliyevə, müxtəlif dairələr deyiblər. Dünya idarəetməsində fəal rol oynayan ölkələr, dairələr bunu deyirdilər, belə demək lazımdır ki, bizi bu yoldan çəkindirsinlər, heç vaxt bu olmasın. Status-kvo əbədi qalsın, dəyişdirilməsin. Halbuki, bəzən də deyirdilər ki, status-kvo qəbuledilməzdir. Amma sonra bundan da, necə deyərlər, vaz keçdilər. Başladılar deməyə ki, status-kvo dayanıqlı deyil. Deməli, qəbulediləndir. Amma bizim üçün qəbuledilən deyildi. Biz Ermənistan, onun havadarları, onun himayədarları və ermənipərəst qüvvələr qarşısına təkbaşına çıxmışdıq. Təkbaşına! Heç kimi bizi bizə sərf etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Bir neçə dəfə, hətta müəyyən saxtakarlıq edərək sənədlərin tərtibatında guya səhvlər olub deyə bizi hansısa varianta təhrik etməyə, sövq etməyə çalışırdılar. Amma keçmədi, keçməyəcəkdi. Çünki güclü iradə var idi və var. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Torpaqlarımızın işğaldan azad edilməsi ən başlıca vəzifə idi və biz bu vəzifəyə, bu hədəfə doğru inamla addımlayırdıq.

Son illərdə vəziyyət gərginləşməyə başlamışdı. Artıq Ermənistan da öz niyyətini gizlədə bilmirdi. Çünki danışıqların mənası artıq faktiki olaraq itmişdi və təkcə bu son iki il ərzində yox, təqribən 5-6 il ərzində. Ermənistan işğal edilmiş torpaqlarda müntəzəm olaraq hərbi təlimlər keçirirdi. O hərbi təlimlər Ağdam rayonu ərazisində keçirilirdi. Ermənistan rəhbərliyinin sözlərinə görə, bu təlimlərdə 10 minlərlə canlı qüvvə iştirak edirdi. Bizim mövqelərimizə qarşı hücum təşkil edilirdi. Hərbi vertolyot hücum etmişdi və o vertolyot vuruldu. Bu da Ermənistana imkan verdi ki, bunu bəhanə gətirərək desin, bəli, Azərbaycan bizim vertolyotumuzu vurdu, indi danışıqlar dayanmalıdır. Hər dəfə müəyyən irəliləyişə imkan yarandıqca, belə təxribatlara əl atırdılar.

Aprel döyüşləri Ermənistana dərs olmadı. Bir neçə gün davam edən Aprel döyüşləri kiçik də olsa, bizim qələbəmizlə nəticələndi. Ermənistan məcbur oldu, yerinə oturduldu, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik, göstərdik ki, bizi heç kim və heç nə yolumuzdan döndərə bilməz, çəkindirə bilməz. Amma dərs olmadı onlara. Aprel döyüşlərindən sonra Ermənistanın o vaxtkı rəhbərliyi demək olar, söz vermişdi ki, işğal edilmiş torpaqlardan çıxacaq. Bu, həqiqətdir. Amma sonra orada ya özləri təşkil etmişdilər, ya doğrudan da belə hadisə baş verdi, polis bölməsi zəbt edildi, terrorçu qrup orada terror aktı törətdi və ondan sonra Ermənistan rəhbərliyi dedi ki, görürsünüz, burada vəziyyət gərgindir, biz bunu edə bilmirik. Bizi aldatdılar. 2018-ci ildə Günnüt əməliyyatı - Naxçıvan əməliyyatı da bizim uğurlu əməliyyatımız idi. Biz böyük ərazini götürdük, işğaldan azad etdik və strateji yüksəklikləri zəbt etdik. Yenə də dərs olmadı. Yəni, biz onlara şans verirdik. 2018-ci ildə Ermənistanda, - indi bəziləri buna inqilab deyir, bəziləri çevriliş deyir, özləri bilərlər, - dəyişiklik baş verdi, ümidlər oyandı və bu ümidlər əsassız deyildi. Mən dərinə getmək istəmirəm. Biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi. Demək olar ki, bir ildən sonra bizə qarşı qəbuledilməz addımlar atıldı, bizi faktiki olaraq aldatdılar, öz daxili problemlərini həll etmək, daxili müxalifəti əzmək, həbs etmək üçün vaxt uddular. Ondan sonra nə oldu, Azərbaycan xalqı yaxşı bilir. Qəbuledilməz bəyanatlar, Azərbaycan xalqının təhqir edilməsi, yersiz hərəkətlər, biabırçı addımlar, bəyanatlar və təxribat xarakterli hərbi əməliyyatlar - iyul ayında, avqust ayında və nəhayət, sentyabrın 27-də. Mən dedim yetər artıq, irəli! 44 gün ərzində düşmənin ordusu məhv edildi. Bu gün Ermənistan ordusu yoxdur.

Müharibə dövründə mən əziz xalqımı müharibə ilə bağlı müntəzəm olaraq məlumatlandırırdım. Müharibənin gedişatı xalqımızın gözü qabağında keçirdi. Müharibədən sonra bəzi əməliyyatlar haqqında, bəzi qərarlar haqqında müəyyən məlumat da verilir. Bu məsələyə çox vaxt ayırmaq istəmirəm. Amma 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu.

Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq.

Azərbaycan Ermənistanı məğlub etdi. Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi. Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Hər il mən xalqa müraciət edərkən dünya azərbaycanlılarını bu gün münasibətilə və Yeni il münasibətilə təbrik edirəm. Bu dəfə isə bu təbrikin xüsusi önəmi var. Mən bilirəm ki, dünyada yaşayan azərbaycanlılar müharibə dövründə Azərbaycanda gedən prosesləri, müharibəni yaxından izləyiblər. Onlar öz dəstəyini ifadə edirdilər. Mənə göndərilən minlərlə məktub arasında xaricdə yaşayan azərbaycanlılardan da kifayət qədər çox məktublar vardır. Onlar həm mənəvi dəstək göstərdilər, həm də həmrəylik göstərdilər. Bu gün onlara müraciət edərək deyirəm, siz fəxr etməlisiniz və fəxr edə bilərsiniz ki, qəhrəman Azərbaycan xalqının övladlarısınız. Bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik.

Mən bütün soydaşlarımızı bu bayram münasibətilə təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını, ilk növbədə, tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm. Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!

Əziz bacı-qardaşlarım, sizi Yeni il münasibətilə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqını böyük Zəfər münasibətilə təbrik edirəm. İstərdim ki, Yeni il ərəfəsində hamımız birlikdə bizi Qələbəyə aparan şüarı deyək: Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti VİDEO

İtaliyada ən böyük asma körpü tikiləcək

İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər - TƏDQİQAT

Mingəçevir teatrı sənətsevərlərə yeni tamaşa təqdim edib

Milli Qurtuluş Günündən Zəfər tarixinə gedən yol – ŞƏRH

Azərbaycan tərəfi İrandan gələn xarici ölkə vətəndaşlarının keçidinə şərait yaradır

Filarmoniyada Xalq artisti Fəxrəddin Kərimovun yubiley konserti olub

İran XİN-in rəsmi nümayəndəsi: ABŞ-la nüvə danışıqları mənasız olub

Alimlər xərçəngdə hüceyrə ölümündən yayınmağın yeni yolunu tapıblar

“Google” tropik fırtınaların proqnozlaşdırılması üçün yeni süni intellekt modelini və saytını yaradıb

İtaliyanın “ITA Airways” şirkəti “Lufthansa Group”la yeni kod-şerinq sazişi imzalayıb

“Barbie”nin yaradıcıları “OpenAI” ilə əməkdaşlıq edərək “ağıllı oyuncaq”lar hazırlayacaq

Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur

Kanadalı alimlər yeni tirannozavr növü aşkar ediblər

Misir yanacağa olan ehtiyacının təmini ilə bağlı fəaliyyət planını müzakirə edib

Tehranın Mehrabad hava limanı yaxınlığında partlayış baş verib

Marsda “gizlənmiş” vulkan aşkar edilib

Beyləqanda bazar ərazisində baş verən yanğın söndürülüb YENİLƏNİB

Praqa NATO-nun büdcəsinin artırılması tərəfdarıdır

Şəkər əvəzedicisi beyin damarlarına zərər verə və insult riskini artıra bilər - TƏDQİQAT

Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəza olub

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolu müzakirə olunub

Azərbaycanın cənub sərhədlərində radiasiya fonunda çirklənmə aşkarlanmayıb – BİRGƏ MƏLUMAT

İrandan İsrailə ən azı 100 raket atılıb, onların əksəriyyəti vurulub

Qrossi: İsrailin zərbəsi İranın uranın zənginləşdirilməsi obyektinə 60 faiz ziyan vurub

MAQATE rəhbəri: İranın Natanzdakı nüvə obyektlərində radioloji çirklənmə aşkarlanıb

Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi ilə əlaqədar Almaniyada təhlükəsizlik tədbirləri gücləndirilib

İraq BMT TŞ-yə İsraildən şikayət ünvanlayıb

Filarmoniyada Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib

ETX: “Azərpoçt”un adından dələduzluq halları son vaxtlar daha da artmaqdadır

Türkiyənin dövlət rəsmilərinin İsrail-İran gərginliyi ilə bağlı iclası keçirilib

Putin İran və İsrail rəhbərliyi ilə telefon danışığı aparıb

Auditorlar Palatasında “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan voleybol milliləri növbəti oyunlarına çıxıblar

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır

Energetika nazirinin müavini NATO-nun mənzil-qərargahında olub

III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası keçirilib

® Beynəlxalq ekspert-dequstator: Pivənin “Carlsberg Azerbaijan” zavodunda hazırlanması keyfiyyətin təminatı deməkdir

Naxçıvan Hərbi Kollecində Milli Qurtuluş Günü qeyd edilib

Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşun əbədi müəllifi” adlı tədbir keçirilib

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 13 inzibati xəta üzrə protokol tərtib edilib

Daha 1200 həlak olmuş ukraynalının cənazəsi vətənə qaytarılıb

Üç avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib

Türkiyənin Qızıl Aypara Cəmiyyəti qan donoru üzrə dünyada üçüncü olub

Levon Mnatsakanyan: Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq – MƏHKƏMƏ

Gürcüstan Azərbaycandan 330 milyon kilovat-saata qədər elektrik enerjisi alıb

Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Şamaxıda “Suverenliyə aparan Qurtuluş Yolu” adlı tədbir keçirilib

Babək rayonunda yerləşən kafenin fəaliyyəti ciddi nöqsanlara görə dayandırılıb

İsrail-İran gərginliyi fonunda Romada təhlükəsizlik tədbirləri gücləndirilib

15 İyun Azərbaycan tarixində dövlətçilik iradəsinin təntənəsidir - RƏY

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb

Kahramanmaraşın Azərbaycan məhəlləsində yollar abadlaşdırılır

Tərtərdə elmi-praktik konfrans: “Qurtuluşdan Zəfərə aparan yol”

“Tomas Qolts: Neft Odisseyası” sənədli filminin təqdimatı keçirilib

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Azərbaycan Tibb Universiteti və İdman Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb

Dövlətçilik tariximizin dirçəliş mərhələsi ŞƏRH

Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşların müraciətlərinə baxacaq

Milli Qurtuluş Günü - Azərbaycanın bugünkü reallıqlarının və gələcək hədəflərin başlanğıcı

Hökumətlərarası təqaüd proqramı çərçivəsində Macarıstanda 130 nəfər Azərbaycan vətəndaşı təhsil alacaq

“At gücləri” bir arada - klassik avtomobil yürüşü və çövkən yarışı olacaq

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrandakı mövcud vəziyyətlə bağlı bəyanat yayıb

Azərbaycan tennisçiləri “Davis Cup” turnirində pley-offa yüksəliblər

Sumqayıt və Bərdədə yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

® “PAŞA Holdinq”in təşkilatçılığı ilə “Business Talks by PASHA Holding” platformasının ilk tədbiri baş tutub!

Cəmşid Naxçıvanski adına hərbi liseydə buraxılış mərasimi keçirilib

Polşanın yeni səfiri etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramova təqdim edib

FHN SOCAR-da maarifləndirmə tədbiri keçirib

ADU-da Çin universitetləri ilə təhsil əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Kimlərin müavinət və təqaüdləri artırıldı? VİDEO

Kimlərin müavinət və təqaüdləri artırıldı? VİDEO

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi

Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-Zəfərə” adlı tədbir keçirilib

Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsidir ŞƏRH

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci plenar sessiyası keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Azərbaycanın müdafiə naziri və Özbəkistanın Təhlükəsizlik Şurasının katibi regional məsələləri müzakirə ediblər

Naxçıvanda Respublika elmi konfransı - “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış”

“Yuventus” baş məşqçisi ilə müqaviləni uzadıb

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib

Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək ŞƏRH

Rəqəmsallaşan relslər: Azərbaycanın strateji irəliləyişinə aparan yol

Şirvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində seminar keçirilib

Nazir müavini: Taxıl biçininin qısa müddətdə və məhsul itkisinə yol verilmədən həyata keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb

Azərbaycanın futbol mütəxəssisləri Avropa çempionatını izləyirlər

Stiv Cobsun məşhur çıxışının 20 illiyi münasibətilə arxiv materialları paylaşılıb

Cevdet Yılmaz: Türkiyədən Suriyaya qayıdanların sayı 270 mini keçib

Stefano Pioli yenidən İtaliyaya qayıdır

Prezident Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan tərəfi İrandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərir

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Qanunvericiliyi pozan taksi şirkəti cərimələnib

Paytaxtda ifşa olunmamaq üçün otellərdə gecələyən narkotacir saxlanılıb

İordaniya hökuməti: Ölkə heç bir münaqişə üçün döyüş meydanı olmayacaq

Polşanın nüfuzlu “Wnet” radiosu Qərbi Azərbaycan barədə material hazırlayıb

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə infotur təşkil olunub

Azərbaycan ilə Özbəkistan arasında əmək və məşğulluq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üç məsələni plenar iclasa tövsiyə edib

Mark Zukerberq rəqiblərinə çatmaq üçün süni intellekt üzrə yeni ekspert komandası formalaşdırır

Abel Məhərrəmov: Qərbi Azərbaycana qayıdış ideyası dövlətçilik ideologiyasının bir hissəsinə çevrilir