ELM VƏ TƏHSİL
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 15 iyul, AZƏRTAC
İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun və palatanın layihələr rəhbəri Paşa Əliyev Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri Kamran İmanov qonaqlara ölkəmizdə əqli mülkiyyət sahəsində aparılan geniş institusional islahatlar barədə məlumat verib. Kamran İmanov Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyətin prioritet istiqamət kimi qəbul edildiyini və bu sahəyə 8 bənddə toxunulduğunu bildirib. Azərbaycan-İsrail əlaqələrinə toxunan Agentliyin rəhbəri iki ölkə arasında sıx əməkdaşlıq olduğunu və Azərbaycanda yəhudilərə daim tolerant münasibət bəslənildiyini diqqətə çatdırıb.
Aleks Kaplun özünün Bakıda doğulduğunu, burada orta və ali təhsil aldığını xatırlayaraq Azərbaycanda çoxlu dostları olduğunu, ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnun qaldığını vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın əsas vəzifəsinin İsrail və Azərbaycanın işgüzar dairələri arasında əlaqələr qurulmasına kömək etmək və hər iki ölkədə onların fəaliyyətlərinin genişləndirilməsinə töhfə vermək olduğunu bildirib. İsrailin elmi-tədqiqat müəssisələrində texnologiyaların kommersiyalaşdırılması ilə məşğul olan mərkəzlər, o cümlədən startapların yaradılması və maliyyələşdirilməsi təcrübəsi barəsində məlumat verən qonaq hazırda ölkədə 7 mindən çox startapın fəaliyyət göstərdiyini və əhalinin təqribən 60-70 faiz hissəsinin bu sahəyə cəlb edildiyini diqqətə çatdırıb.
Səmimi şəraitdə keçən görüşdə ölkəmizdə innovasiya layihələrini həyata keçirən müəssisələrin İsraildəki şirkətlərlə əlaqələr qurması, eləcə də İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasına ölkəmizin şirkətlərinin qoşulmasına dəstək verilməsi məsələləri müzakirə olunub.