“Aztelekom” regionlarda telekommunikasiya şəbəkəsini yenidən qurur
Bakı, 21 oktyabr, AZƏRTAC
“Aztelekom” MMC xidmətlərdə olan problemləri aradan qaldırmaq, onları yüksək standartlara uyğunlaşdırmaq üçün paylayıcı şəbəkəni yeniləyir, müasir avadanlıqlar quraşdırır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Aztelekom”un hazırda həyata keçirdiyi layihələrin məqsədi ölkənin telefonlaşdırılmayan, o cümlədən internet xidmətlərinin verilməsi imkanlarının hələ də mövcud olmadığı ərazilərdə şəbəkənin qurulması, əsas magistralların və paylayıcı şəbəkənin yenidən qurulması, köhnəlmiş mis kabel xətlərinin yeni fiber-optik xətlərlə, köhnəlmiş rabitə avadanlıqlarının dünya standartlarına cavab verən yeni avadanlıqlarla əvəzlənməsidir. Məqsəd relyefinə görə rabitə xətlərinin çəkilməsi çətinlik törədən və ya böyük sərmayə tələb edən ərazilərdə son nəsil simsiz rabitə texnologiyasının qurulması, bütün bunların nəticəsində əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin etməkdir. Bu layihələr Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş istiqamətlərdən irəli gəlir.
Bu məqsədlə artıq Gəncə və Sumqayıt şəhərlərində, habelə Abşeron və Masallı rayonlarında işlər başlanıb və uğurla davam etdirilir. Hazırda köhnə şəbəkənin yenilənməsi nəticəsində NGN (Next Generation Networks) avadanlıqları (yeni nəsil avadanlıqlar) quraşdırılır ki, bu da çəkilən xərclərə qənaət etmək imkanı yaradır. Eyni zamanda, əvvəlkindən bir neçə dəfə sürətli və keyfiyyətli internet, o cümlədən dayanıqlı rabitə və digər yeni xidmətləri vermək imkanı yaradır.
Yeni rabitə şəbəkəsinin qurulması üçün böyük həcmdə vəsait tələb edildiyindən, Qərbi Avropa ölkələrinin rabitə infrastrukturunda ənənəvi mis kabel xətlərindən hələ də geniş istifadə edilməkdədir. Son hesabatlara əsasən, Avropa ölkələrində internet istifadəçilərinin 61 faizi xDSL (Digital Subscriber Lİne) texnologiyası üzərindən xidmət alırlar. Azərbaycanda isə artıq rabitə şəbəkəsini yeni, müasir standartlara uyğunlaşdırmaq üçün yenidənqurma işləri başlanmış və mərhələli şəkildə aparılmaqdadır. Layihələrin həyata keçirilməsi nəticəsində region telekommunikasiya şəbəkəsində optik kabelin çəkisi 80 faizə çatdırılacaq.
Hazırda “Aztelekom” tərəfindən aparılan işlər nəticəsində yenilənəcək şəbəkə vasitəsilə əhalinin tələblərini qarşılamaq mümkün olacaq. Qeyd olunan ərazilərdə bu işlər bitdikdən sonra abunəçilər keyfiyyətli rabitə və internet xidmətləri ilə yanaşı, yeni xidmətlərlə də təmin olunacaqlar.