CƏMİYYƏT
Bakı Regional Mərkəzinin metodiki rəhbərliyi ilə mülki müdafiə məşqi keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin metodiki rəhbərliyi ilə Qaradağ rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqə Mərkəzin aidiyyəti struktur bölmələri, yerli icra hakimiyyəti orqanının mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyəti cəlb olunub.
Məşqin keçirilməsində məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, hazırlığın tələb olunan səviyyədə saxlanılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, fövqəladə hal şəraitində birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, şəxsi heyət, texnika, avadanlıq və əmlakla komplektləşdirilməsi, eləcə də funksional vəzifələrlə bağlı məruzələri dinlənilib.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətində rayonun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin rəhbərlərinin iştirakı ilə məşqin təhlili aparılıb. Təhlil zamanı məşqin gedişində yaranan çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.